Bizim futbol

Tural Nərimanov: “Kəpəz” layiq olduğu yerdə olmalıdı”

“Böyük futbolda ilk addımlarımı demək olar ki, Yunis Hüseynovun rəhbərliyi altında atmışam. Mənim üçün uğurlu baş məşqçidir. Ümid edirəm ki, davamı gələr”. 

Dsport.az xəbər verir ki, bu sözlər Gəncə klubunun rəsmi saytına açıqlama verən “Kəpəz”in əsas komandasının üzvü Tural Nərimanova məxsusdu. Qış “transfer pəncərəsi” dövründə Gəncə klubuna cəlb olunan futbolçu keçidi haqda danışarkən belə deyib. 28 yaşlı mərkəz müdafiəçisi Yunis Hüseynovun əvvəllər çalışdırdığı klublardan “Standart” və “Karvan”da da çıxış edib. İllər sonra onların yolu “Kəpəz”də birləşib: 

“Yunis müəllimin sayəsində əvvəlki formamı yığacağıma inamım böyükdü. O, məni yaxşı tanıyır və bacarığıma bələddi. Komandanın düşərgəsində baxışdan keçib özümü ən yaxşı tərəfdən göstərməyə çalışdım”.

“Kəpəz” Tural Nərimanov üçün yad komanda deyil. Arxa xətt oyunçusu əvvəlki iki mövsümdə “sarı-göylər”in şərəfini qoruyub: “Yenidən “Kəpəz”ə qayıtdığıma görə xüsusilə sevincliyəm. Qarşımıza qoyulan vəzifə komandanı düşdüyü vəziyyətdən çıxarmaqdı. Əlbəttə ki, bu, elə də asan olmayacaq. Hər oyuna qələbə əzmi ilə çıxacağıq. “Kəpəz” layiq olduğu yerdə olmalıdı”.

Nərimanov Gəncə publikasının sevimli futbolçularından olub. Onun məqsədi azarkeşlərin sevgisini və dəstəyini yenidən qazanmaqdı: “İki il “Kəpəz”in heyətində yer aldım. Unudulmaz günlər yaşadım. Yayda mən klubumu dəyişməli oldum. Geridə qalan müddətdə komandada çox dəyişikliklər olub. Əvvəlki heyətdən az futbolçu qalıb. Dəyişməyən yerli azarkeşlərin futbola sevgisidi. Gəncədə bu idman növünə münasibət həmişə yüksək səviyyədədi. Fanatlar komandanın pis və yaxşı günündə futbolçuların yanında olaraq dəstək verirlər. Bütün oyunçular kimi mənə də hər zaman rəğbət bəsləyiblər, yenə onların sevgisini qazanmağa çalışacam”.