Bizim futbol

“Qurban Qurbanovun işinə heç kim müdaxilə edə bilməz”

“Səbail”in hücumçusu Vüqar Nadirov Dsport.az saytının suallarını cavablandırıb:

- Qış toplanışı necə gedir, yükləmələr çoxdu?
- Toplanışımızın ilk hissəsi yaxşı keçdi. Bakıdakı toplanışda fiziki hazırlığa üstünlük verdik. Məncə, heç də pis olmadı.

- “Sumqayıt”la yoxlama görüşündə qalib gəldiniz. Görüş haqda nə deyəcəksən?
- Maraqlı oyun oldu. Komandanın ikisi də yükləmələr altında oynadı. Hər iki komanda yaxşı təsir bağışladı. Türkiyədəki toplanışda da hər şeyin yaxşı alınmasına çalışacağıq.

- Görüşdə istədiklərinizi edə bildiniz?
- Əlbəttə ki, qələbə hər zaman yaxşıdı. Necə başlayırsan elə də bitirirsən. Mən kollektivimizin hesabına qələbə qazandığımızı düşünürəm.

- “Səbail”in qışaqədərki çıxışını necə dəyərləndirirsən? İstədiyiniz nəticələri ala bildiniz?
- Qışaqədərki çıxışımızı yaxşı dəyərləndirirəm. Mən tam yox, yarısını ala bildiyimizi düşünürəm. Hələ Türkiyədə iki həftəlik toplanışımız var. Ümidvaram ki, oradakı toplanışda da tam hazır olarıq.

- Maraqlıdı, bəs, qışdan sonra hansı nəticəyə ümid edirsiniz?
- Birinci hədəf odu ki, Premyer Liqada qalaq. İkinci hədəfimiz isə çalışdığımız qədər rəqiblərimizdən çox xal almaqdı.  

- Komandaya yeni qoşulan oyunçular da var. Onlar haqda hansı fikirdəsən?
- Yeni gələnlər yaxşı təsir bağışlayır. Get-gedə də komandaya öyrəşəcəklər. “Səbail”in çox yaxşı kollektivi var.

- Qarşıda milli komandamızın toplanışı var. Qurban Qurbanovun səni milliyə dəvət edəcəyinə inamın var?
- Qurban Qurbanovu hamı tanıyır. Onun öz fikri var. Nəinki mən, heç kim Qurban Qurbanovun işinə müdaxilə edə bilməz. Mən həmişə millidən dəvət gözləyirəm.