Bizim futbol

“Elə oyun olmadı ki, biz meydana tam heyətlə çıxaq”

Futzal üzrə Yüksək Liqanın debütantlarından olan “FK.İD.Futsal”ın çempionata rəng qatdığı birmənalıdı. Belə ki, mövsümə yaxşı başlayan debütant birinci dövrədə “Neftçi” kimi təcrübəli rəqibini məğlub etməklə diqqətləri üzərinə çəkdi. Heyətində Ağatahir Əzimov, Rəcəb Fərəczadə, Nidah İsmayılov, Faiq Əliyev, Elvin Quliyev, Ramil Həsənzadə kimi təcrübəli və istənilən baş məşqçinin sərəncamında görmək istədiyi oyunçular cəmləşən debütantın sonrakı görüşlərdə də uğurlu nəticə qazanacağı gözlənilirdi. Ancaq birinci dövrənin yekununda komanda 6 oyundan cəmi 2-də qələbə qazandı, bir qarşılaşmada heç-heçə etdi, 3 oyunda isə xal üzünə həsrət qaldı. Ümumi müqayisə etsək, ikinci hissədə qazanca daha çox olub - 8 xal. Qələbələrin sayı dəyişməyib, amma məğlubiyyətlər azalıb. Əvəzində heç-heçələr artıb.

Dsport.az xəbər verir ki, komandanın baş məşqçisi Rafael Abdulov futzal federasiyasının mətbuat xidmətinə açıqlamasında komandasının arxada qalan 2 dövrədəki çıxışını dəyərləndirib:

“Orta qiymətləndirirəm. Tam istədiyimizi əldə edə bilməməyimizə təsir edən məqam oldu. Xüsusilə də oyunçularımızın tez-tez zədə alması və uzunmüddətə sıradan çıxmasını qeyd edərdim. Elə oyun olmadı ki, biz meydana tam heyətlə çıxaq. Hər dəfə bir-iki vacib futzalçımız bizi kənardan izləyirdi. Bu da ciddi amildi. Ümid edirəm ki, qarşıdakı oyunlarda bu problemlər həllini tapar”.

Baş məşqçi mövsümün tən yarısı haqda da danışıb:

“Cari çempionatın əvvəlkilərdən səviyyəcə yüksək olduğu danılmaz faktdı. Bunun da əsas səbəblərindən biri yeni legionerlərin klublarımıza cəlb edilməsidi. Eyni zamanda Yüksək Liqaya bizim komanda ilə bərabər “Marafon Futsal” yüksəlib ki, hər iki kollektivin yaxşı çıxış etdiyi, hazırlıqlı gəldiyi təsir edən məqamlardandı. Yeri gəlmişkən, medianın futzalla bağlı builki fəaliyyəti də bizi sevindirir, təqdirəlayiqdi. İstər oyunların canlı yayımlanması, istər idman portallarının və qəzetlərin xəbərlər hazırlaması yarışa ayrıca rəng qatır”.

Dövrələrarası fasilədə heyətdə ediləcək dəyişikliklərlə bağlı danışan Abdulov artıq iki oyunçu ilə yollarını ayırdıqlarını vurğuladı:

“Emil Abbaszadə və Adil İsmayılovla yollarımızı ayırdıq. Təbii ki, güclənmək haqda düşünürük. Planlarımızda yeni futzalçıların cəlb ediləsi var. Yeni oyunçular yerli futzalçılar olacaq. Çünki həm rəhbərlik, həm də baş məşqçi kimi özüm əcnəbilərin xidmətindən istifadə etmək niyyətində deyiləm. Yaxşı olar ki, öz həmyerlilərimizə şans verək, onları qazanaq”. 

Hazırlıq planlarından danışarkən o, Bakıdan kənara çıxmaq haqda düşünmədiklərini qeyd etdi:

“Fasilə müddətində Bakıda hazırlaşacağıq. Əvvəldən yenə fiziki hazırlığa üstünlük verəcəyik. Taktiki məşqlər və yoldaşlıq oyunları ilə hazırlığımızı davam etdirəcəyik. Yanvarın ortalarından məşqlərə başlayacağıq”.

Sonda baş məşqçi simvolik olaraq Yüksək Liqanın arxada qalan 2 dövrəsi üçün 2 “beşlik” qurub. O, əvvəlcə konkret adlar çəkmək istəməsə də, sonra ancaq yerli oyunçulardan fərqlənənləri qeyd etdi:

“Bu siyahıya legionerləri daxil etmək istəməzdim. “Araz”dan Xətai Bağırov, İsa Atayev, “Marafon Futsal”dan Seymur Məmmədov, Renat Sultanov, bizdən Nihad İsmayılov, Faiq Əliyev və Elşən İbrahimxəlilov, EKOL-dan Namiq Məmmədkərimov, Fərid Ələkbərov, “Neftçi”dən Tural Qurbanov kimi oyunçular var. Qapıçılardan Rövşən Hüseynlini, Emin Kürdovu qeyd edərdim. Bu oyunçuların hamısı komandamda olsaydı, “4-lük”ləri qurardım”.

Sonda qeyd edək ki, “FK.İD.Futsal” qış fasiləsinə qədər keçirdiyi 12 oyundan 4-də qələbə qazanıb, 3 matçda isə xalları yarı bölüb. Passivində 5 məğlubiyyəti olan debütant “Neftçi” ilə birlikdə 15 xala sahib olsa da, şəxsi oyunlara görə rəqibini qabaqlayıb, fasiləyə 4-cü pillədə yollanıb.