Bizim futbol

“Azərbaycandakı kimi 1500 azarkeş qarşısında oynamayacağımı bilirəm”

“Qəbələ”dən ayrılan şotlandiyalı yarımmüdafiəçi Endi Hallidey ölkəsinin mətbuatına daha bir açıqlama verib.

Dsport.az xəbər verir ki, o, “qırmızı-qaralar” barədə xoş sözlər işlədib:

“Qəbələ yaxşı şəhərdi. Klubun özünün infrastrukturu və layihəsi var. Lakin ora mənim olmaq istədiyim yer deyildi. “Qəbələ”yə orda çıxış etdiyim zaman mənə verdikləri dəstəyə görə təşəkkür edirəm. Bu komandaya qoşulandan sonra həmişə yanvarda “Reyncers”ə qayıtmaq barədə düşünmüşəm. Ancaq mən peşəkar idim, buna görə də orda çıxış etdiyim zaman heyətə düşmək üçün çalışırdım. “Reyncers”ə qayıtdığıma görə şadam. Bir çox şotlandiyalı gənc bu klubda çıxış etmək istəyər. Ona görə, bu klubun üzvü olduğum üçün özümü xoşbəxt sayıram”.

Hallidey sonda Azərbaycanda oyunlara az sayda azarkeş gəlməsinə də toxunub:

“Mən “Reyncers”də möhkəmlənmək istəyirəm. Burda üzərimdə böyük təzyiq olacağını bilirəm. Səbrli olmalıyam. “Reyncers” böyük klubdu və burda Azərbaycandakı kimi 1500 azarkeş qarşısında oynamayacağımı bilirəm”.

Xatırladaq ki, ötən il “Qəbələ”nin icarəyə götürdüyü Hallidey bu klubda cəmi 8 oyun keçirdikdən sonra qış transfer pəncərəsində müqaviləylə bağlı olduğu “Reyncers”ə qayıdıb.