Bizim futbol

Ramiz Məmmədov: “Keşlə”dəki taleyim rəhbərliyin verəcəyi qərardan asılıdı”

"Keşlə"nin baş məşqçisi Ramiz Məmmədov Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Kəpəz" Gəncədə 3:2 hesabı ilə qalib gəldikləri cavab oyunundan sonra mətbuat konfransı keçirib.

Dsport.az xəbər verir ki, təcrübəli mütəxəssis öncə matçı dəyərləndirib:

- Oyunun məsuliyyətini hiss edirdik. İlimizin son matçıdı və komandalar istirahətə gedir. Futbolçulara bildirmişdim ki, bu duel iki hissədən ibarətdi. Bakıda 2:0 hesabı ilə qalib gəlsək də, buna arxayın deyildik. Çünki Gəncə həmişə bütün klublar üçün keçilməz sədd olub. Komanda kimin rəhbərliyi altında olursa-olsun, Gəncə futbolu həmişə yüksəkdə olub. İndi bir az tənəzzüldə olsa da, inanıram ki, Yunis Hüseynovun rəhbərliyi altında layiqli yerini özünə qaytaracaq. Futbolçularımıza yalnız alqışlar düşür. Verdiyimiz tapşırıqları layiqində yerinə yetirdilər. Hamını qarşıdan gələn Yeni il münasibətilə təbrik edirəm. Arzu edirəm ki, bütün xəta-ballalar 2017-ci ildə qalsın.

- Mətbuatda belə məlumatlar yayılırdı ki, bu, Ramiz Məmmədovun son matçı olacaq. Klub rəhbərliyi baş məşqçi məsələsinə gələn həftə aydınlıq gətirəcək. Siz özünüz taleyiniz haqda nə düşünürsünz?
- Mənə çempionatda 4 oyun və kubok matçları tapçırılmışdı. İşlədiyim bütün klublarda rəhbərliyin qərarına hörmətlə yanaşmışam. Gücüm nəyə çatırdı, bacardığımı göstərdim. Artıq yerdə qalan məsələlər, işimə qiymət rəhbərliyindi. Hansı qərar veriləcək, ona hörmətlə yanaşacam. 

- Klub prezidenti Zaur Axundov sizə bir mütəxəssis olaraq yüksək qiymət verdiyini bizə açıqladı. O, hansı dəyişiklik olursa-olsun, klubda qalacağınızı bəyan etdi. Bəs siz özünüz "Keşlə"də qalacaqsınız, yoxsa yox?
- Bunu Allah qoysa, gələcək göstərəcək. Klub rəhbəriylə söhbətimiz olacaq. Bundan sonra artıq mənim qərarımdan çox şey asılıdı. 

- Sizə elə gəlmir ki, 14 ildir futbolumuzda yığılıb qalan üstüörtülü söhbətləri aça bildiniz, işlədiyiniz qısa müddətdə çox şeyi bacardınız?
- Həyatım boyu işimə çox məsuliyyyətli olmuşam. Bu, təvazökarlıq deyil. Sübh namazından axşam 11-dək işimin üstündə olmuşam. Hər zaman deyirdim ki, oyunun təhlilləri futbolçuların potensiallarından aşağı çıxış etdiklərini göstərirdi. Hər şeyi edən Allahdı. Hər bir işin üstünü də açan, insanlara da görk edən göydəki ulu Tanrıdı. Allah sağlıq etsin. Burda heç bir şey olmadı. Nə lazım idisə, Allah tərəfindən həyata keçirildi. örtülü nə bazar var idisə, ortaya çıxdı. Şükürlər olsun. Yəqin ki, bundan sonra təkrar olunmaz. Hamı ləyaqətlə öz çörəyini qazanar. 

- Bu gün də gənc futbolçulara çox şans verdiniz. Belə təəssürat yarandı ki, onların böyük futbola yolunu açdınız. İnanırmısınız ki, "Keşlə" bu gənclərlə yüksək yerlərə oynamağa qadirdi?
- Bu gün "Keşlə"də çox istedadlı gənclər yetişir və yetişməkdədi. Estafeti bir-birinə layiqincə ötürürlər. Biz onlara vaxtında inanmalıyıq, dəyər verməliyik. Onlara o güvəni verməsək, özləri özlərindən qırılacaqlar. Bu gün gənclərə şans verməyə məcburuq. Dünya futbolunda gənclərə necə şans verdildiyi göz qabağındadı. Bununla da futbolçular parlayırlar. Əvəzedici heyətin 12 futbolçusunu gətirmişik. Onların adını bir-bir sadalamaq istəmirəm. Artıq "Keşlə"nin yetirmələri olaraq Azərbaycana səs salmış futbolçulardı. İnanıram ki, onların çox parlaq gələcəyi var və gələcəkdə Azərbayacan xeyir verə biləcək futbolçular olacaq. Hər birinə uğurlar arzu edirəm. (Sport24)