Bizim futbol

“Qarabağ” ÇL-in qrupuna əbəs yerə düşmədiyini sübut etdi”

“Qarabağ”ın sabiq futbolçusu Danilo Dias Dsport.az saytına müsahibə verib. 

2014/15 mövsümündə Ağdam klubunun formasını geyinmiş braziliyalı forvard daha çox Çempionlar Liqasının təsnifat mərhələsinin “Zalsburq”la görüşündə ilk dəqiqələrdə vurduğu qolla yadda qalıb.

- Danilo, “Qarabağ”dan ayrıldıqdan sonra işlərin istədiyin kimi gedir?
- “Qarabağ”dan ayrıldıqdan sonra Portuqaliyaya yollandım. “Uniao Madeyra”dayam indi də. Amma bir ara bu komandadan da ayrılmışdım. Sonra yenidən qayıtmışam komandaya. “Qarabağ”dan sonra işlərim elə də pis getmir.

- “Qarabağ”dakı çıxışını necə xatırlayırsan?
- Əlbəttə, bu komandanın heyətində yaxşı oyunlarımız olub. Təbii ki, “Qarabağ” kimi komandada oynadığıma görə şadam. Həqiqətən də çox mehriban və güclü kollektiv var idi. 

- Daha çox hansı oyunu xatırlayırsan?
- Düzünü desəm, oturub fikirləşsəm, bəlkə də bütün oyunları xatırlayaram. Amma təbii ki, “Zalsburq”la görüş daha yaxşı yadda qalıb. Həmin görüşdə çox yaxşı oynayıb, əsl xarakter göstərib qalib gəlmişdik.

- Necə alındı ki, Avstriya klubuna qalib gəldiniz?
- İlk dəqiqələrdə qol vurmağımız bizim xeyrimizə olan məsələ idi. Düzdü, sonradan üstünlüyü qoruya bilməmişdik. Bu da rəqibin təzyiqi ilə əlaqədar idi. Amma son dəqiqələrdə istədiyimiz qolu vura bilmişdik. Səfərdəki matçda isə zədəlilərimiz var idi. Şanssızlıqdan onları keçə bilmədik.

- “Qarabağ” bu mövsüm Çempionlar Liqasının qrup mərhələsində mübarizə apardı. İzlədin komandanı?
- Bəli, “Qarabağ”ın oyunlarını izlədim. Fikrimcə, “Qarabağ” olduqca yaxşı çıxış etdi. Çox güclü komandalara qarşı yüksək səviyyədə oynamaq asan deyil. Amma fikrimcə, “Qarabağ” qrupa əbəs yerə düşmədiyini sübut etdi. 

- Oyunlara baxdıqca, hazırda “Qarabağ”ın heyətində olmaq hissi ürəyindən keçirdi?
- Artıq bunlar geridə qalıb. Mən sadəcə, “Qarabağ”a azarkeşlik edirdim. Çox istəyirdim ki, komanda istədiyi nəticəni qazana bilsin.