Bizim futbol

Skarlatake: “Kəpəz”lə matçın əlavə vaxta getməsini istəmirik”

“Keşlə”nin aparıcı üzvü Adrian Skarlatake Dsport.az saytına müsahibə verib:

- “Kəpəz”lə ilk matçdan sonra komandadakı atmosfer, əhval-ruhiyyə necədi?
- Uzun müddət idi ki, qalib gələ bilmirdik. Amma “Kəpəz”lə oyuna qələbə qazandıq və bu da komandanın özünəinamını artırdı. Qələbə qazanmaq hər zaman yaxşıdı. Komandadakı əhval-ruhiyyə də yaxşıdı.  

- Bakıda məğlub etdiyiniz rəqiblə bu dəfə səfərdə qarşılaşacaqsınız. Ümumiyyətlə, oyun haqda fikirlərin necədi?
- Çətin oyun olacaq. Ancaq biz növbəti mərhələyə adlmaq istəyirik. Çempionatdakı çıxışımız və mövqeyimiz çox pisdi. Ən azından ölkə kubokunda uğurlu çıxış etmək istəyirik. Üstəlik, qışa uğurlu nəticə ilə yollansaq, əla olardı.

- “Kəpəz” oyunçuları ilk oyundakı məğlubiyyətə baxmayaraq, sizinlə matçda mərhələ keçəcəklərinə inandıqlarını bildirirlər...
- Futbolda inanmaq yaxşı şeydi. Amma təbii ki, meydandakı oyun və göstərilən nəticə daha önəmlidi. Bu barədə nəsə bir söz deyə bilmərəm. Rəqibə və oyunçularına da hörmətlə yanaşırıq. Biz ancaq növbəti mərhələ barədə düşünürük.

- İlk oyundan sonra şanslar 50/50-di, yoxsa 30/70-ə sizin xeyrinizə?
- Bakıdakı qələbəmizə baxmayaraq mən şansların eyni olduğunu düşünürəm. Çünki “Kəpəz” də yaxşı komandadı və təhlükə yarada biləcək oyunçuları var. Futbolda nəyin necə olacağını oyundan öncə demək olmur.

- Oyun əlavə vaxta getsə necə, fiziki olaraq hazırsınız? Yəni 120 dəqiqə mübarizə aparmağa gücünüz çatacaq?
- Əlbəttə ki, biz 120 dəqiqə də mübarizə aparmağa tam hazırıq. Ancaq məsələ burasındadı ki, biz oyunun heç 120 dəqiqəyə getməsinə imkan vermək istəmirik. Biz oyunun müqəddəratını 90 dəqiqədə həll etməyi fikirləşirik. Amma istənilən halda hər şeyə hazırıq.

- Penaltiləri necə, heç məşq etmisiniz?
- Bizim texnikalı oyunçularımız çoxdu. Penaltilərə də tam hazır olduğumuzu fikirləşirəm. Fikrimcə, oyun penaltilərə getməyəcək. 

- Hər hansı mükafat vəd edilib?
- Biz hələ ki, ancaq oyun barədə düşünürük. İstəyirik ki, “Kəpəz”i keçib yarımfinala adlayaq və qış fasiləsinə də yaxşı yollanaq.