Bizim futbol

“Araz Abdullayevi “Anortosis”ə dəvət etməkdə yanılmamışıq”

Kiprin “Anortosis” klubunun prezidenti Andre Panteli dsport.az saytına müsahibə verib:

- Komandanız hazırda ölkə çempionatında liderdən cəmi iki xal geridədi. İkinci pillədə qərarlaşmağınız sizi qane edir?
- Birinci pilləni tutmağımız daha yaxşı olardı. Bir neçə tur öncə yalnız ilk pillədə idik. Sadəcə, son oyunlar olduqca ağır keçir və indiki pilləni də pis hesab etmək olmaz. Onsuz da hələ qarşıda çox oyunlar var və bu barədə bir söz demək olmaz. 

- “Alki” ilə son oyununuz dramatik alındı. Son dəqiqələrdə Araz Abdullayevin vurduğu qol sayəsində qələbə qazandınız. Görüşü necə dəyərləndirəcəksiniz?
- Bəli, həqiqətən də çox gözəl və gərgin oyun alındı. Qələbəyə layiq olan tərəf biz olsaq da, son dəqiqələrdə rəqib də qələbə qazana bilərdi. Sadəcə, futbolçularımız lazımı anda lazımı qərarı verə bildilər. Araz Abdullayevin vurduğu qol komandaya mühüm üç xal gətirdi.

- Araz komandanın əsas heyət üzvü hesab edilir. Onun çıxışından razısınız?
- Əlbəttə ki, razıyıq. Araz yaxşı futbolçudu və göstərdiyi futbol da ondan razı olmağa əsas verir. 

- Sizcə, Arazın potensialını maksimum göstərir, yoxsa ondan daha çox şey gözləyirsiz?
- Məşqçilər də, rəhbərlik də Arazın oyunundan razıdı. O, ondan gözləniləni verə bilir. Ancaq mən Arazın çox istedadlı və güclü futbolçu olduğunu düşünürəm. Məncə, o, bu cür davam etsə, daha da əla futbol oynayacaq. Amma indiki futbolu da yaxşıdı. 

- Onun adaptasiya problemi yaşamadığını desək, yəqin ki, razılaşarsınız?
- Bəli, o, burada adaptasiya problemi yaşamadı. Sadəcə, bir yerə öyrəşmək hər bir insanda az da olsa, müddət alır. Fikrimcə, Araz bizim üçün ən yaxşı seçim idi. Onu komandaya dəvət etməkdə yanılmamışıq.

- Bu cür çıxışından sonra, onu gələcək illərdə də “Anortosis”də düşünürsüz?
- Bu barədə hələ danışmaq tezdi. Çünki Araz bizdə icarə əsasındadı. Bu müddət başa çatandan sonra danışacağıq.