Bizim futbol

Rəşad Əzizli: "İnanıram ki, mərhələ keçən tərəf biz olacağıq"

“Üstünlük bizdə idi. Sonda buraxdığımız qolla uduzduq. Cavab matçında, inanıram ki, mərhələni biz keçəcəyik”.

Dsport.az xəbər verir ki, bunu "Neftçi"nin qapıçısı Rəşad Əzizli səfərdə "Zirə"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun ilk 1/4 final matçından sonra deyib. 23 yaşlı qolkiper 86-cı dəqiqədə David Manqanın uzaq məsafədən zərbəsi nəticəsində buraxdığı qolda səhvinin olmadığını bildirib: 

“Deməzdim ki, səhvim var idi. Çərçivəyə gələn bütün topları çıxarmaq mümkündü. Bu epizodda topun tirə dəyərək, toru silkələməsi bəxtsizlikdən oldu. Çətin top idi. Belə epizodlarda topu çıxarmaq çətin olur. Bəlkə də bir az irəlidə dayanmışdım. Epizoda baxacaq, analiz edəcəyəm". 

Əzizli baş məşqçi Tərlan Əhmədovun yeni qapıçı almaq istəyinə belə reaksiya verib: "Bu, baş məşqçinin qərarıdı, hörmətlə yanaşmalıyıq. Mən də rəqabətə hazıram və heç nədən çəkinmirəm".

Qapıçı ilk oyunda dəyərləndirə bilmədikləri epizodlardan cavab oyununda yararlanmağa çalışacaqlarını söyləyib. Onun fikrincə, "Neftçi" öz oyununu tapsa, asanlıqla mərhələ adlayacaq. Əzizli komandanın müdafiə xəttinin ağır oyunçulardan təşkil olunmasına da münasibət bildirib: 

“Ağır olsalar da, təcrübələri var. Onların təcrübəsi nəyə desən, dəyər. Bu haqda nəsə deyə bilmərəm. Rəşad Sadiqovun təcrübəsinə hamımız yaxşı bələdik. Həm də Sadiqov bu mövqedə Kirill Petrov zədəli olduğu üçün oynadı".