Bizim futbol

Təmkin Xəlilzadə: “Bu şansı əldən verməməliyik”

"Oyuna yaxşı hazırlaşmışdıq. Bilirdik ki, çətin görüş olacaq. Yəni, matçın gərgin keçəcəyini gözləyirdik. Rəqib hazırda əla formadadı. Yaxşı məşqçiləri, kollektivləri var. "Neftçi” bütün diqqətini kuboka yönəldib. Çünki avrokuboklara gedən ən asan yol kubokdan keçir. Bu mərhələ 2 oyundan ibarətdi. İlk görüş olduğundan, tələsmədən, səbrlə oynadıq. Sevinirik ki, lazım olan nəticəni qazandıq". 

Dsport.az xəbər verir ki, bunu "Zirə"nin futbolçusu Təmkin Xəlilzadə evdə "Neftçi"yə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun ilk 1/4 final matçından sonra jurnalistlərə açıqlamasında deyib. Lakin 24 yaşlı yarımmüdafiəçi hələ heç nəyin bitmədiyini əlavə edib: 

"Belə deyək ki, birinci 45 dəqiqəni oynadıq, qaldı ikinci hissə. Səfərdə də sərfəli nəticə əldə edib, turu keçmək istəyirik. Bu gün qol buraxmamğımız bizim üçün böyük üstünlükdü. Cavab oyununda hər şey ola bilər. Mərhələni "Neftçi” də keçə bilər, biz də. Əsas məqsəd evdə qapımızı toxunulmaz saxlamaq idi. Sevinirik ki, istəyimizə nail olduq. Düzdü, keçən il "Neftçi” bizim kubokda yolumuzu kəsmişdi. İnanıram ki, bu dəfə əksinə olacaq. Yenə deyirəm: şanslar 50/50-yədi. Hər şeyə cavab oyununda aydınlıq gələcək. Hər iki komandanı çox çətin qarşılaşma gözləyir".

Xəlilzadə Premyer Liqa ilə ölkə kubokunun fərqlərinə də toxunub: "Çempionat uzun marafondu. Bütün komandalarla mövsüm ərzində 4 dəfə qarşılaşırsan. Amma kubok elədi ki, burada hər şey özündən asılıdı. Düşünürəm ki, bu şansı əldən verməməliyik".

"Zirə"nin oyunçusu meydanda aqressiv görünməsinin səbəbini isə belə izah edib: "Meydana qələbə üçün çıxmışdıq. Mən də komandama kömək etmək istəyirdim. Aqressivliyimi də istəklə bağlayardım. Heç kimlə qəsd-qərəzliyim yoxdu. Meydana çıxanda heç kimlə işim olmur. Hər şey istəkdən irəli gəlir".