Bizim futbol

Rəşad Sadiqov: “Allah onun cəzasını verir”

"Neftçi"nin futbolçusu Rəşad Sadiqov səfərdə "Zirə"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun ilk 1/4 final matçından sonra brifinq keçirib. 

Dsport.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi əvvəlcə oyunu dəyərləndirib:

- "Zirə” aqressiv komandadı, ilk "3-lük” uğrunda mübarizə aparır. Çətin olacağını bilirdik. Bizdə zədəlilər çoxdu. Buna baxmayaraq, normal nəticə qazana bilərdik. Alınmadı, məğlub olduq. Çalışacağıq ki, cavab oyununda yaxşı çıxış edib, mərhələ adlayan tərəf biz olaq.

- Müdafiədə oynamağın nə ilə bağlı idi?
- Kiril Petrov dizindən əməliyyat olunub. Məcburiyyətdən onun mövqeyində oynadım. Amma mənim üçün heç bir problem olmadı.

- Səncə, bu nəticədən sonra cavab oyununda mərhələ keçmək şanslarınız neçə faizdir?
- Faizlə deyə bilmərəm. Açığı, bu cür oyunlarda qol vurmadan uduzmaq çox pis nəticədi. Buna baxmayaraq, şanslarımız qalır. Evdəki oyunda da əlimizdən gələni edəcəyik ki, mərhələni adlayaq. Başqa yolumuz yoxdu. Avrokuboklara gedən yol kubokdadı. Bu şansı da əldən buraxmaq istəmirik.

- Amma nəzərə almaq lazımdı ki, "Zirə” "Neftçi” üçün arzuolunmaz rəqibdi...
- Bilirik, amma əlimizdən gələni etməliyik. Bu formanı daşıyırıqsa, hamı vəziyyəti dərk etməlidi.

- "Neftçi” ilə bağlı gəzən söz-söhbətlər komandaya nə dərəcədə təsir edir?
- Bu cür məsələlərə qarışmamağa çalışırıq. Bu haqda danışmasaq, daha yaxşı olar. Çünki insan nə edirsə, özünə edir. Hamı cavabını alacaq. Kim oyun alqı-satqısı ilə məşğuldusa, Allah onun cəzasını verir.

- Nə qədər kənarda qalmağa çalışsanız da, istər-istəməz komandanın adı hallanır...
- Düzdü, hər bir işdə belə şeylər olur. Bildiyim qədərilə, bunlar "Bobo” (Ağakişi Mehdizadəni nəzərdə tutur – red.) "İnter”də işləyəndə olub. Özü də müsahibəsində etiraf edib ki, pul qoyuluşu etməyib. Nə olubsa, özləri daha yaxşı bilirlər. Biz öz işimizlə məşğuluq, futbolumuzu oynayırıq.