Bizim futbol

“Qarabağ”ın qazandığı təcrübə nəyə desəniz dəyər”

“Qarabağ”ın formasını geyinənlər arasında Nidal Ferhatoviç də var. 2007-2009-cu illərdə Ağam klubunun formasını geyinmiş Ferhatoviç Dsport.az saytına müsahibəsində sabiq klubunun Çempionlar Liqasındakı çıxışını dəyərləndirib:

- “Qarabağ” ən mötəbər turnirlərdən hesab olunan Çempionlar Liqasının qrup mərhələsində çıxış etdi. Sabiq komandanızın çıxışını izlədiniz?
- Bəli, izlədim. “Qarabağ”ın bu cür turnirdə çıxış etməsi həm klubun özü, həm də ölkə futbolu üçün əladı. “Qarabağ”ın bu cür uğurlar qazanması təsadüfi deyil. Çünki bu klubda hər şey nizam-intizamlı və planlı şəkildə qurulur.

- Altı oyunda qazanılan cəmi iki xal var. “Qarabağ”ın oyunlarını necə qiymətləndirərdiniz?
- Əsas olan xallar deyil, qazanılan təcrübə və göstərilən oyundu. “Qarabağ” birinci ildi ki, ÇL-in qrupuna düşüb və onların orada qazandığı təcrübə nəyə desəniz dəyər.

- Oyunlara baxdığınızı dediniz. Sizcə, “Qarabağ” hakim səhvləri ilə üzləşdi?
- Bəli. Məncə, “Çelsi” ilə matçda hakimin verdiyi qərarlar yalnış idi. Təbii ki, mən matça təsir edən qərarları deyirəm. Amma bunlara öyrəşmək lazımdı. Bu cür mötəbər turnirlərdə hər şey ola bilər.

- “Qarabağ”ın heyətində özünü ən yaxşı tərəfdən göstərən hansısa güclü futbolçu diqqətinizi çəkdimi?
- İbrahim Şehiç bütün oyunları çox yaxşı səviyyədə keçirdi. Onun etdiyi qurtarışlar komandasına ən yaxşı şəkildə yardımçı oldu. 

- “Qarabağ” son görüşdə “Roma” ilə oynadı. Meydanı məğlubiyyətlə tərk edən “Qarabağ”ın oyununu necə qiymətləndirirsən?
- “Qarabağ” çox yaxşı futbol oynadı. Halbuki çoxları belə oyun gözləmirdi. Ancaq “Qarabağ” səfərdə istədiyi futbolu oynamağa çalışdı. Düzdü, rəqib güclü olduğundan tam olaraq istədiyini etmək çətindi. Hər halda ən azından “Qarabağ” rəqibindən ümumiyyətlə qorxmadı, çəkinmədi və rəqibin üzərinə getdi. Bayaq da dediyim kimi, əsas olan qazanılan təcrübədi. Hansı ki, qarşıdakı illərdə bu komandaya daha çox kömək olacaq.