Bizim futbol

Rizvan Fərzəliyev: “Nəticələrimiz də bunu deməyə əsas verir”

İranda təşkil edilən beynəlxalq turnir çərçivəsində İran və Qazaxıstan milliləri ilə 3:3 hesablı heç-heçə edən, Rusiyaya isə 3:4 hesabı ilə məğlub olan və yekunda üçüncü pillədə yer alan Azərbaycan millisinin kapitanı Rizvan Fərzəliyev Futzal Federasiyasının mətbuat xidmətinə müsahibə verib.

Dsport.az həmin müsahibəni təqdim edir:

- Qazaxıstanla oyunda fasiləyə 2:0 hesabı ilə öndə yollansanız da, ikinci hissədə ardıcıl 3 top buraxıb hesabda geri düşdünüz. İkinci hissədə oyununuz niyə alınmadı?
- Oyunumuz gərgin keçdi. Amma yaxşı başlamışdıq. Yaxşı başlanğıcın nəticəsi olaraq 2:0 hesabı ilə önə keçidik. İkinci hissədə isə davamını gətirə bilmədik. Yorğunluq və səhvlərimiz nəticəsində rəqib hesabı xeyrinə dəyişdi. Son dəqiqədə məğlubiyyətdən qaça bildik, hətta qələbə qazanmaq da mümkün idi. Bizim üçün vacib turnir idi. Nə qədər belə güclü rəqiblərlə qarşılaşsaq, ancaq faydasını görəcəyik. Rəqiblərimizin hamısı dünya futzalında sayılıb-seçilən yığmalardandır. 

- İkinci hissədə baş verənlər yalnız yorğunluqla bağlı idi, yoxsa rəqibin qapıçıdan da meydan oyunçusu kimi istifadə etməsinin də təsiri oldu?
- Qazaxıstan millisi hər zaman bu qapıçının gücündən meydan oyunçusu kimi istifadə edir. Bu gün də belə oldu. 40 dəqiqəni sanki azlıqda keçirdik. Belədə sona qədər güc sərf etmək çətindi. 

- Turnir çərçivəsində millinin keçirdiyi digər oyunları və nəticəni necə dəyərləndirsən?
- Hər 3 oyun bizim üçün vacib idi. Biz belə turnirlərdə az iştirak edirik. İran tərəfinə dəvətə görə təşəkkür edirik. İlk oyunda İranı uda bilərdik. Rəqibimiz sonda turnirin qalibi olmaqla gücünü göstərdi. Rusiya ilə qarşılaşmada isə üstünlük qazanağa yaxın idik. Ancaq səhvlərimiz buna imkan vermədi. Qazaxıstanla oyun da həmçinin. Avropa çempionatı üçün yaxşı sınaq oldu. Səhvlərimizi aradan qaldırmalıyıq.

- Hansı səhvlər özünü qabarıq şəkildə büruzə verdi?
- Müdafiədə səhvlər etdik və boşluqlara yol verdik. 

- Yorğunluğa çempionat oyunlarındakı zəif tempin təsiri varmı?
- Cari mövsümdə çempionatımız maraqlı keçir. İrəliləyiş var. Artıq digər rəqiblər “Araz”la rəqabət aparırlar, müqavimət göstərirlər. Həm də bu turnirdə heyətimizdən tam istifadə edilməməsi, eyni oyunçuların daha çox meydanda olması yorulmağımıza təsir etdi. 6-7 nəfərə çox güc düşdü və sonda bu təsirini göstərdi. Ümumi götürdükdə, hər 3 oyun maraqlı keçdi. Baş məşqçi də qismən razı qaldı. Səhvlərdən nəticə çıxarmaq, Avropa çempionatına qədər bunu düzəltmək lazımdı.

- UEFA kubokunda “Araz”ın uğursuz çıxışı, eləcə də millinin bazası hesab edilən bu komandanın çempionatda istənilən səviyyədə çıxış etməməsi bir nigarançılıq yaratmışdı. Ancaq turnir Avropa çempionatına ümidləri artırdı, demək olarmı?
- Ümid verir. Komandada özünəinam artıb. Nəticələrimiz də bunu deməyə əsas verir. Bu komandalardan 3-ü Avropa çempionatında çıxış edəcək. Yalnız İran digər qitə birinciliyində yarışır.