Bizim futbol

AFFA daha bir nəfəri ömürlük futboldan uzaqlaşdırdı

Bu gün AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.

Dsport.az xəbər verir ki, yığıncaqda danışılmış oyunlarla bağlı növbəti sərt qərar verilib.

Belə ki, “İnter”in (hazırkı “Keşlə”) və “Neftçi”nin sabiq əməkdaşı Ağakişi Mehdizadə barədə araşdırma yekunlaşıb. “Neftçi”nin AFFA-ya rəsmi müraciətinə, UEFA-dan daxil olmuş məlumatlara, AFFA-nın apardığı müvafiq araşdırmanın nəticəsinə və məşqçi-metodist kimi çalışan Mehdizadənin assosiasiyaya təqdim etdiyi izahata əsasən, oyunların idman nəticəsinin manipulyasiyasında fərdi iştirakına görə ona futbola aid hər bir məşğuliyyət ömürlük qadağan olunub.

Oyunların idman nəticəsinin manipulyasiyasında iştirakı ilə bağlı şübhələrin mövcud olduğu digər şəxslər barədə araşdırmanın davam etdirilməsinə də qərar verilib.
 
Sanksiyaya məruz qalan Mehdizadə bu qərarı aldıqdan sonra 15 gün ərzində AFFA-nın Apelyasiya Arbitraj Tribunalına qərarla bağlı apelyasiya şikayəti verə bilər.

Xatırladaq ki, bir neçə gün öncə “Keşlə”nin futbolçuları Nizami Hacıyevlə Mirhüseyn Seyidov da ömürlük cəzalandırılıb.