Bizim futbol

Artim Şakiri: “Qarabağ” – “Çelsi” matçında gözlənilməz hesab qeydə alınacaq”

“Qarabağ”ın keçmiş futbolçusu Artim Şakiri Dsport.az saytının suallarını cavablandırıb:

- “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki çıxışını necə dəyərləndirirsən?
- “Qarabağ” birinci ildi ki, ÇL-də çıxış edir. Ancaq ilk dəfə üçün komanda çox yaxşı çıxış edir. “Qarabağ” bütün matçlarda layiqli futbol sərgiləyib.

- “Çelsi” ilə bu gün baş tutacaq ev oyunundan nə gözləyirsən?
- “Qarabağ” rəqibindən çəkinməməlidi. Məncə, heç çəkinməyəcək də. “Çelsi” güclü komanda olsa da, istənilən rəqibdən xal almaq olar.

- İlk oyunda “Qarabağ” bu rəqibinə böyük hesabla məğlub olmuşdu. Necə düşünürsən, bu təkrarlana bilər?
- Məncə, təkrar olunmayacaq. Bu dəfə fikrimcə, hər şey tamam fərqli olacaq. “Çelsi”nin böyük hesabla qalib gələcəyini düşünmürəm. 

- Bəs “Qarabağ”ın bu komandaya qalib gəlməsi nə dərəcədə realdı?
- Futbolda hər şey ola bilər. “Qarabağ” üçün ağır oyun olacağı məlumdu. Çünki “Çelsi” istənilən rəqiblə oyundan qələbə ilə ayrılmağa qadirdi. Sadəcə, oyunun alınması məsələsi var. “Qarabağ” Bakıda daha yaxşı oynayır. Məncə, hər şey tamam fərqli olacaq və gözlənilməz hesab qeydə alınacaq.

- “Qarabağ”da hansı oyunçu matçın müqəddəratını həll edə bilər?
- “Qarabağ” kollektiv futbolu daha yaxşı oynayır. Ancaq heyətində fərdi ustalığı yüksək olan oyunçular da var. Pedronun oynamaması yaxşı olmadı. İstənilən halda “Qarabağ”da fərdi keyfiyyətləri yaxşı oyunçular çoxdu. Fikrimcə, “Qarabağ” komanda şəklində “Çelsi” ilə görüşdən uğurlu nəticə ilə ayrılacaq.

- Təmsilçimiz bu görüşdən uğurlu nəticə ilə ayrılaraq Avropa Liqasına yollanmaq şanslarını da artıra bilər...
- İndi bu haqda düşünməyə ehtiyac yoxdu. “Qarabağ” hər şeydən öncə “Çelsi” ilə matç barədə düşünməlidi. Məncə də, elə bu haqda düşünürlər, qrupdan çıxmaq barədə yox. “Çelsi” ilə matçla yanaşı, digər görüşlərin də “Qarabağ”ın qrupdakı taleyinə aydınlıq gətirəcəyini unutmaq olmaz. Amma hər halda “Qarabağ” qalib gələrsə, qrupdakı üçüncü olmaq şansını da artırar. Sonda necə olacağı mənim üçün də maraqlıdı.