Bizim futbol

Dino Ndlovu: “Təzyiq altında olan biz yox, “Çelsi”di”

UEFA Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində sabah İngiltərə çempionu “Çelsi”ni qəbul edəcək “Qarabağ”ın hücumçusu Dino Ndlovu oyunöncəsi mətbuat konfransında iştirak edib. 

Dsport.az xəbər verir ki, cənubi afrikalı hücumçu oyunun vacibliyinin fərqində olduqlarını deyib:

- Komandada hər kəs bu oyunun vacibliyini bilir. “Çelsi”yə çox böyük hörmətimiz var. Lakin ilk oyundakı nəticə “Qarabağ”ın real gücünü əks etdirmir. Sabah sona kimi mübarizə aparacağıq. 

- Avroliqaya çıxmaq şansınız qalır. Bu, komanda üzərində əlavə təzyiq yaratmır ki?
- Hər zaman növbəti oyuna köklənirik. Digər oyun barədə düşünmürük. Rəqib favoritdi. Buna görə, təzyiq altında onlar olmalıdılar. 3-cülük şansımız varsa, bunun üçün sonadək mübarizə aparacağıq. Yoxdusa, növbəti mövsümə köklənəcəyik. 

- Premyer Liqada yaxşı oyununuzla seçilirsiz. Olimpiya stadionunda keçirilən son çempionat oyununda da gözəl qola imza atdız. Bu amil sizə “Çelsi” ilə oyunöncəsi əlavə motivasiya verir?
- Qol önəmli deyil. Əsas komandana kömək edə bilməkdi. Bunu komandada hamı bilir. Bütün komanda da bunun üçün mübarizə aparır.