Bizim futbol

Millimizin üzvü: “Komanda olaraq tam formalaşmamışıq”

AÇ-2019-in seçmə mərhələsi çərçivəsində Kosovo ilə qarşılaşan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması heç-heçə (0:0) edib.

Dsport.az xəbər verir ki, oyundan sonra millimizin hücumçusu, matçın sonuna bir neçə dəqiqə qalmış qırmızı vərəqə alan İlkin Sadıqov jurnalistlərin suallarını cavablandırıb:

- Həvəssiz və əsəbi görünürdün. Sənin oyunun sonuna yaxın qırmızı vərəqə alacağın gözlənilirdi və belə də oldu. Səbəb nə idi?
- Məşqçimiz bizi oyuna yaxşı kökləmişdi. Zədəm var idi, ona görə əsəbi idim. Komandaya kömək etmək istəsəm də, alınmadı, qırmızı vərəqə aldım.

- Komandada dağınıqlıq var, intizam yoxdu. Razısan?
- Komanda olaraq tam formalaşmamışıq. Təlim-məşq toplanışımızın müddəti az olur, tez-tez yığışa bilmirik. Bəlkə də ona görə öz oyunumuzu tapa bilmirik.

- Komandanın formalaşması üçün nə qədər vaxta ehtiyac var?
- Nə deyim?

- Qırmızı vərəqə almamışdan öncə real qol epizodun olsa da, yararlana bilmədin. Həmin epizodu necə şərh edə bilərsən?
- Vurmaq istəyirdim. Zərbə vursam da, qapıçı qola mane oldu.

- Sanki qol vura bilməməyinin əvəzini rəqib müdafiəçidən çıxdın...
- Elə deməzdim. Rəqibə bilərəkdən zərbə endirmədim. Belə olmasını istəmirdim.

- Kosovo ilə oyunda qazanılan 1 xalı millimiz üçün uğurlu saymaq olar?
- Yox. Bu oyunda mütləq qələbə qazanmalı idik.

- Almaniya ilə matçı və bu oyunu millimizin baş məşqçisi Qurban Qurbanov da izləyirdi. Adətən gənc futbolçular belə oyunlarda özlərini sübut etməyə çalışırlar. Amma Almaniya ilə oyunda futbolçularda əzmkarlıq hiss etmədik. Bu, nə ilə bağlı idi?
- Heç kim məğlub olmaq istəmir. Amma Almaniyanın güclü rəqib olması ilə razılaşmalıyıq. Düşünürəm ki, bu oyunda futbolçular qələbə qazanmaq istəyirdilər. Qələbəyə ac olsaq da, alınmadı.

- Almaniyaya böyükhesablı məğlubiyyətdən sonra komandada vəziyyət yaxşı deyildi. Maraqlıdı, psixoloji gərginlikdən necə çıxa bildiniz?
- Məşqçilərimiz bizi oyuna yaxşı hazırlaşdırmışdı. Bu istəyimizi meydanda da göstərdik.