Bizim futbol

“Anortosis”in prezidenti: “Araz Abdullayevin transfer hüququnu almaq fikrimiz yoxdu”

Kiprin “Anortosis” klubunun prezidenti Andrea Panteli Dsport.az saytının suallarını cavablandırıb:

- Araz Abdullayevin “Anortosis”dəki çıxışını necə dəyərləndirirsiz?
- Mən onun çıxışından razıyam. Amma baş məşqçimiz bu barədə daha yaxşı danışa bilər. Hər halda meydanda olanları o, hamıdan yaxşı görür. Ancaq belə götürəndə, Araz bizə yardımçı olur.

- Onu uğurlu transfer hesab edirsiz?
- Araz icarə əsasında komandamızda çıxış edir. Azərbaycanda yetərincə özünü təsdiq etmiş oyunçudu. Özü də milli komanda da oynayır. Biz onu izləyib komandaya dəvət etdik. Mən Arazı komandamız üçün uğurlu hesab edirəm.

- Maraqlıdı, bəs onu birdəfəlik transfer etmək fikriniz var?
- Hələ ki, bu barədə bir fikir yoxdu. Onunla icarə müqaviləmiz var. Başa çatandan sonra bu haqda qərarımızı verəcəyik. Yəni mayda bu barədə qərar qəbul olunacaq.

- Araz Abdullayevin indikindən də yaxşı oynayacağına dair inamınız var, yoxsa onun hazırkı gücündə oynadığını düşünürsüz?
- Araz çox yaxşı futbolçu və yaxşı oğlandı. O, bizə hələ çox kömək ola bilər. Sadəcə, yenə də zaman lazımdı. Daha da yaxşı olması üçün zamana ehtiyac var.

- Araz Abdullayevdən sonra Azərbaycanla bağlılı olan daha bir oyunçunu komandaya cəlb etdiniz. Reynaldonun transferi necə həyata keçdi?
- Menecer bizə Reynaldonu təklif etdi. Araşdırdıq və onu komandaya cəlb etməyi düşündük.

- Onun “Qarabağ”da oynadığını bilirdiniz? Heç matçlarına baxmısınız?
- Düzünü desəm, Reynaldonu “Qarabağ”da görməmişdim. Yənin onun oyunlarını görməmişdim. Hər halda “Qarabağ”da oynadığından yaxşı futbolçu olduğunu düşünürəm. Məncə, o, bizə də xeyir verəcək. 

- Azərbaycanın hansısa klubundan yenə futbolçu dəvət etmək fikriniz var?
- Bu barədə fikrim yoxdu. Məşqçilər korpusumuz oyunçularla maraqlanır. Bəlkə də var, bəlkə də yoxdu, bilmirəm.

- “Qarabağ”da çıxış edən Dino Ndolovunu izləyirsiz? Son dəfə “Anortosis”də çıxış edən forvardın oyununu bəyənirsiz?
- Dino fiziki cəhətdən güclüdü, qol duyumu yüksək oyunçudu. “Qarabağ”dakı çıxışı da yaxşıdı. Həm ölkə çempionatında, həm də avrokuboklarda komandası üçün önəmli oyunçu olduğunu göstərir. Ümidvaram ki, “Qarabağ”dakı uğurlu çıxışını davam etdirəcək.