Bizim futbol

Ruslan Qurbanov: “Hələ ki, başqa kluba keçmək barədə düşünmürəm”

Futbol üzrə Azərbaycan yığmasının və “Qəbələ”nin hücumçusu Ruslan Qurbanovun dsport.az saytına müsahibəsi:

- “Zirə” və “Səbail”lə yoxlama görüşləri keçirdiniz və heç birində qalib gələ bilmədiniz. Öncə bu görüşlər barədə fikirlərini bilmək istərdik…
- Bu cür oyunlarda nəticə əsas rol oynamır. Əsas odu ki, oyun keçirdik, oyun keyfiyyətlərimizi daha da yaxşılaşdırdıq. Bu cür yoxlama oyunlarının bizə yalnız xeyri var. Çünki çempionatda da fasilə idi və belə oyunlar bizə lazım idi.

- Demək olar ki, “Qəbələ” cari mövsüm hələ də özünə gəlməyib? Çempionatda da çox inamlı deyildiniz, yoxlama görüşlərində də qalib gələ bilmədiniz…
- Bunlar sadəcə, yoxlama görüşləri idi. Biz çempionatda başqa cür oynayırıq. Artıq özümüzə gəlmişik, yaxşı çıxış edirik. Sadəcə, yaradılan qol epizodlarını reallaşdıra bilmirik. 

- Komandada çox hücumçunun olması əsas heyətə düşməyinə problem yaradır?
- Əksinə, çox olması yaxşıdı. Çünki rəqabətin olması hər bir oyunçu və komandanın xeyrinədi. Hər zaman rəqabətin güclü olmasının tərəfdarı olmuşam.

- “Səbail”lə görüşdən sonra Samir Əliyev müsahibəsində bildirib ki, “Qəbələ”də milli üzvü var, hansı ki, komandasında əsas heyətə düşə bilməsə də, bizə asanlıqla kömək edər. O, səni nəzərdə tuta bilər? 
- “Qəbələ” ilə mövsümün sonuna qədər müqaviləm var. Məhz bundan sonra necə olacağı bilinəcək. Hələ ki, başqa komanda haqda düşünmürəm. Müqaviləmin sonuna qədər məxsus olduğum klub üçün əlimdən gələni edəcəm. Gələcəkdə necə olacağı barədə məlumat verəcəm.

- Qarşıdakı turda “Qəbələ” “Neftçi” ilə oynayacaq. Bu görüş sənin üçün xüsusi önəm kəsb edir?
- “Neftçi”yə qarşı oynayanda hər zaman yaxşı hisslər olur. Ancaq heç bir prinsipiallıqdan söhbət gedə bilməz. Meydana çıxsam, yaxşı olardı. Amma təəssüflər olsun ki, son vaxtlar Roman Qriqorçuk mənə şans verir. Mənim işim işləmək və özümü sübut etməkdi. Necə olacaq, onu zaman göstərəcək.

- Elə son turdakı “Səbail”lə çempionat oyununda da səni meydanda görmədik...
- Bəli, vacib qələbə qazandıq. Nəyə görə oynamadığımı isə deyə bilmərəm. Baş məşqçinin verdiyi qərardı. Demək ki, Qriqorçuk oynamamağı daha uyğun görüb. Qoy belə olsun.

- “Neftçi” son vaxtlar yaxşı çıxış edir. “Qəbələ” bu komandanı məğlub edə biləcək?
- Biz hər oyuna qələbə üçün çıxırıq. “Neftçi” yaxşı komandadı və indi də yaxşı futbol nümayiş etdirir. Maraqlı oyun olacağını düşünürəm. “Neftçi”yə uğurlar arzu edirəm.

- Tərlan Əhmədovun gəlişindən sonra dörd oyuna dörd qələbə əldə edən “Neftçi” son turda “Zirə”yə uduzdu...
- Nəticələr göz qabağındadı. Dörd oyunda qalib gəlmək asan məsələ deyil. Demək ki, Tərlan Əhmədov problemi aradan qaldırmağı yaxşı bilir. Tərlan müəllimə “Neftçi”də daha çox vaxt vermək lazımdı. Əminəm ki, məhz bundan sonra “Neftçi” hətta çempionluq uğrunda da mübarizə aparacaq.

- “Qəbələ”də stabil oynamadıqca, əsas yığmamıza dəvət olunmaq şansın da azalacaq. Hər halda çoxları düşünür ki, digər məşqçilərdən fərqli olaraq, Qurban Qurbanov milliyə daha hazır olan oyunçuları dəvət edəcək...
- Qurban Qurbanovu milliyə baş məşqçi təyin olunması münasibətilə təbrik edirəm. Yığma komandaya dəvət edib-etməyəcəyini isə zaman göstərəcək. Mənim işim futbol oynamaqdı.