Bizim futbol

Əfran İsmayılov: “Qurban Qurbanov çoxdan milliyə gəlməliydi”

“Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov dsport.az saytına müsahibə verib.

O, Çempionlar Liqasındakı və ölkə çempionatındakı çıxışlarını dəyərləndirib, həmçinin milli komandamıza Qurban Qurbanovun baş məşqçi təyin olunması ilə bağlı fikirlərini bildirib:

- “Atletiko” ilə görüşdə təmsilçimiz bir xal qazandı. Bunu böyük sevinclə qeyd etdiniz?
- Səfərdə oynamağımıza baxmayaraq, vacib bir xal qazandıq. Əsas odu ki, “Atletiko”dan çəkinmədik və öz oyunumuzu oynadıq, bir xalı qazandıq. Elə də böyük təmtəraqla qeyd etmədik. Çünki burada şişirdiləsi bir şey yoxdu. Futbolçuyuqsa, komandayıqsa, nəticə verməliyik. Heç kim “Qarabağ”a asan rəqib kimi baxmır. Hamı bilir ki, çətin oyun keçəcək. İlk dəfə Çempionlar Liqasında çıxış etməyimizə baxmayaraq, çalışırıq ki, gücümüz çatan qədər xallar qazanaq.

- Topaz Premyer Liqasının 11-ci turunda “Qarabağ”ı “Kəpəz”ə qarşı oyun gözləyir. Bu görüşdə sizi yalnız üç xal qane edir?
- Çempionlar Liqası ilə bərabər çempionata da fikir veririk. Çünki ÇL-ə gedən yol Premyer Liqadan keçir. Çempion olmaq istəyiriksə, hər oyuna ciddi yanaşıb, qələbə ilə başa vurmalıyıq. “Kəpəz”ə qarşı da bizi ağır oyun gözləyir. 

- Gəncədə anşlaq olacağı gözlənilir. Bu oyunda yerli komandaya dəstək olanlardan savayı, “Qarabağ”ı görmək üçün də azarkeşlərin gələcəyi şübhəsizdi...
- Bəli, azarkeşin çox olacağını düşünürəm. Bilmirəm, “Qarabağ”a baxmağa gələcəklər, ya yox. Amma azarkeş çox olacaq. Ümumiyyətlə, “Kəpəz” azarkeşləri həmişə seçilir. Hər zaman orada azarkeş çox olur. Biz də komanda üçün vacib olan xalı qazanmağa çalışacağıq.

- Premyer Liqada hazırda ilk pillədəsiniz. Ötən mövsüm sizinlə çempionluq mübarizəsi aparan “Qəbələ”də eniş hiss olunur. Ümumiyyətlə, hansısa rəqabət hiss edirsiz? 
- Rəqabət hiss edirik, niyə hiss etmirik? “Qəbələ” lider olan komandalardandı, onlar bizi də uddular. “Səbail”lə oyunumuz da ağır alındı. Çempionata elə-belə baxmaq lazım deyil. Səkkiz komanda olmasına baxmayaraq, həqiqətən də çempionat maraqlı və çətindi.

- Çempionlar Liqasında uğur qazanmaq şanslarınızı hələ də saxlayırsınız. Ən azı çüncü pilləni tutmaq mümkündü?
- Şanslarımızı saxlasaq da, qrupdan çıxmağımız çətin görünür. Çünki “Roma” ilə çətin səfər, “Çelsi” ilə ağır ev oyunumuz var. Əlimizdən nə gəlirsə, onu da edəcəyik.

- “Çelsi” ilə Bakıdakı oyunda qələbə qazana bilərik?
- Biz də “Çelsi”yə qalib gəlməyi çox istəyirik. Ancaq özünüz də bilirsiz ki, İngiltərə çempionuna qarşına oynayacağıq. Onlar dünyada öz sözünü demiş klubdu. Yəqin ki, stadion tam dolu olacaq. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə olsun.

- Qurban Qurbanov əsas milliyə baş məşqçi təyin olundu. Siz bunu necə qarşıladınız?
- Gözlənilən bir şey idi. Qurban müəllim bəlkə də çoxdan milliyə gəlməli idi. Həqiqətən sevindirici haldı. Çünki nəticələr göz qabağında idi və gözlənilirdi ki, Qurban müəllim millinin baş məşqçi postuna gəlsin.

- Səncə, Qurbanov “Qarabağ”la qazandığı uğurların heç olmasa 50-60 faizini millidə də qazana biləcək?
- Klubla millidəki işləri bir tutmaq olmaz. Çünki millidəki işlər başqa cürdü, başqa gücdü. Ancaq mən istəyirəm ki, Qurban müəllim millidə də öz sözünü desin. O, çalışacaq ki, Azərbaycan futbolu yüksəklərə qalxsın. Bunu “Qarabağ”dakı işi ilə gördük. Qurban müəllim Azərbaycan futbolunu “Qarabağ” vasitəsilə çox tanıtdırıb.  

- Uzun illər sonra millidə yenidən yerli məşqçi ilə işləmək yəqin ki, oyunçular üçün də maraqlı və bir o qədər də həvəsləndirici olacaq?
- Sevindirici haldı ki, milliyə azərbaycanlı məşqçi gəldi. Əsas odu ki, milli üçün faydalı olsun. Öz içimizi bilən məşqçinin gəlməsi tamam başqa şeydi. Ona uğurlar arzu edirəm, təbrik edirəm. Millidə işləmək hər bir məşqçinin arzusudu. İnanıram ki, Qurban müəllim əlindən gələnin ən yaxşısını etməyə çalışacaq.