Bizim futbol

Asif Məmmədov: “Qarabağ” üzərində bir qələbə ilə iş bitmir”

Topaz Premyer Liqasının 9-cu turunda “Qarabağ”la qarşılaşan “Qəbələ” Asif Məmmədovun yeganə qolu ilə rəqibinə qalib gəldi. 

Məmmədov dsport.az saytının suallarını cavablandırıb:

- “Qarabağ”la matçda qalib gəldiniz. Görüş haqda hansı fikirdəsən?
- Bu oyuna ciddi hazırlaşmışdıq. Bilirdik ki, bu oyunda məğlub olsaq, əsas rəqibimiz bizdən çox aralanacaq. Ona görə də ciddi hazırlaşmışdıq. Azarkeşlər və jurnalistlər arasında sanki “Qəbələ”yə inam yox idi. Deyirdilər ki, bu il zəifdilər. Həm də həmin inamı geri qaytarmaq istəyirdik. Bizə müəyyən vaxt lazım idi. Məncə, hələ bir az da vaxt lazımdı. Şükürlər olsun ki, yaxşı oynayıb qalib gəldik.

- Qalibi mühakimə etməzlər. Ancaq maraqlıdı, nələri daha yaxşı etdiniz ki, “Qarabağ”a qalib gəldiniz?
- Nəyi yaxşı etdik? Kənardan baxanlar deyə bilər, nəyi daha yaxşı etdiyimizi. Məncə, öz futbolumuzu oynadıq. Digər oyunlardan fərqli olaraq, özümüzə xas futbolu göstərdik. İrəlidə pressinq etdik. “Qarabağ” kimi komandaya topla oynamağa imkan versən, bu sənin üçün baha başa gələ bilər. Düzdü, ikinci yarıda arxaya oturduq. Ancaq ikinci hissə ilə müqayisədə ilk yarı daha yaxşı mübarizə apardıq. İkinci yarıda hesabı qorumaq üçün oynadıq.

- Qələbə qolunu sən vurdun. Oyundan öncə belə bir şey olacağını düşünürdün?
- Oyundan öncə qol vuracağım heç ürəyimə danmamışdı. Əsas odu ki, baş məşqçi mənə inanır. Baş məşqçi məni hücumçu kimi oyuna buraxırsa, mənim işim qol vurmaqdı. Hər oyunda da qol vurmaq istəyərəm. 

- “Qəbələ” demək olar ki, son illərdə “Qarabağ”a qalib gəlir. Bunun sirri nədədi?
- Evdə oynayırıq da, evdə oynayanda nəinki “Qarabağ”a, istənilən komandaya qalib gəlmək istəyərik. Qəbələdə oynayırıqsa, bu, bizim üçün ikiqat üstünlük olmalıdı. Sirri nədədi, onu dəqiq deyə bilmərəm (gülür).

- “Qarabağ”ın zəif oynaması sizin üçün gözlənilməz olmadı ki?
- Nəyi zəif hesab etdiyinizi bilmirəm. Deməzdim ki, “Qarabağ” zəif oynadı. “Qarabağ”ın da imkanları oldu, istifadə edə bilmədi, bizim də həmçinin. Məncə, çox gözəl oyun oldu. Azarkeşlərin çoxdandı ki, Azərbaycan çempionatında görmədiyi oyunlardan biri idi. Dünən meydanda heç bir komanda zəif deyildi. Bu cür matçlar çox olmalıdı.

- “Qəbələ” bu qələbə ilə çempionluqda hələ də qopmadığını göstərmiş oldu?
- Bəli, razıyam. Bundan əvvəlki müsahibələrdə də demişdim ki, hələ heç nə bilinmir, qarşıda çox oyun var. Heç indi də heç nə bilinir. Bir oyunla heç nə bitmir. Qarşıda hələ çox tur var. Bu qələbə bizi dayandırmamalı, arxayınlaşdırmamalıdı. Qələbələrin davamı gələrsə, daha yaxşı olar. “Qarabağ” üzərində qələbə ilə heç nə qutarmır. 

- Ümumiyyətlə, çempionluq şanslarını necə dəyərləndirirsən?
- Heç nə bilinmir. Hansı komandanın çempion olacağını indidən demək mümkün və düzgün deyil.

- Qarşıdakı turda “Zirə”nin qonağı olacaqsınız. Bu görüş haqda düşüncələrin necədi?
- “Zirə” son vaxtlar çox yaxşı formadadı. Bizi həddən artıq çətin oyun gözləyir. “Zirə” səfəri bizim üçün hər zaman çətin olub. Nəinki səfərdə, elə evdə də bu komanda bizə problem yaradan rəqiblərdən olub. Bu matça çox yaxşı hazırlaşmaq lazımdı.