Bizim futbol

Əfran İsmayılov: “Qəbələ”yə məğlubiyyətimizdə qeyri-adi heç nə yoxdu”

“Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov Dsport.az saytının suallarını cavablandırıb:

- “Qəbələ” ilə görüşdə məğlub oldunuz. Oyunu necə dəyərləndirirsən?
- Baş məşqçi də bildirmişdi ki, oyun başlayanda ehtiyatlı olun. Çünki bu rəqiblə oyunlarda həmişə başlanğıcda qollar buraxmışıq. Bu dəfə də Qəbələ səfəri bizim üçün ağır keçdi. Qurban Qurbanov dediyi kimi də oldu. Oyun başlayan kimi səhv etdik, qapımızda qol gördük. “Qəbələ” yaxşı futbol göstərdi, qələbə qazandı, təbrik edirəm. Qarşıdakı oyunlara baxmaq lazımdı.

- Demək olar ki, komandada yorğunluq var idi, yoxsa “Atletiko” matçından sonra bu oyuna köklənə bilmədiniz?
- Yox, yorğunluq olduğunu deməzdim. Sadəcə, dediyim kimi, ilk dəqiqələrdə ehtiyatlı olmaq lazımı idi ki, bunu bacarmadıq.

- Qəbələdəki əksər matçlarda yerli komanda qalib gəlib. Bu nədən belədi?
- “Qəbələ” çempionluğa oynayan komandalardan biridi. Bu komanda hər zaman güclü olub. Burada qeyri-adi bir şey yoxdu. Güclüdülər ki, qalib gəlirlər.

- Hazırda “Qəbələ” sizinlə eyni xal toplayıb. Demək olar ki, çempionluq mübarizəsi yenidən qızışır?
- Əlbəttə ki, çempionluq mübarizəsi qızışır, çempionat daha da maraqlı olur. Çünki “Neftçi” də gəlir, “Zirə” də var, digər komandalar da mübarizə aparır. Həqiqətən də çempionatımız maraqlı olacaq. Bu rəqabət də “Qarabağ” və digər klubların özləri üçün yaxşıdı. 

- Növbəti turdakı rəqibiniz “Səbail”di. Bu görüşdə qalib gələcəyinizə şübhə edən yoxdu...
- Heç kim qalib gələcəyimizə zəmanət verə bilməz. “Səbail” yeni yaranmasına baxmayaraq, son vaxtlar formada olan komandadı. Gördüyünüz kimi, “İnter” və “Neftçi”yə qalib gəlib. Orada yaxşı komanda yarada biliblər. Bu da rəhbərliyin üstünlüyüdü. Çətin oyun olacağı dəqiqdi. Ancaq çalışacağıq ki, qalib gələk.

- “Çelsi” ilə oyuna daha yaxşı hazırlaşmağınız üçün “Səbail”lə ilk dövrədəki matç təxirə salınmışdı. Bu dəfə isə qarşıdan “Atletiko” ilə səfər matçı gəlir. Səncə, “Səbail”lə ikinci görüşün də təxirə salınmasına ehtiyac var?
- Yox, indiki matç yəqin ki, təxirə salınmaz. Çünki bizə oyunlar lazımdı, oyunlara hazırlaşmaq lazımdı. İnanmıram təxirə salına.

- “Səbail”lə görüşdən sonra “Atletiko” matçında yorğunluq olmayacaq ki?
- Düşünmürəm ki, yorğunluq olsun. Çünki 4-5 gün hələ vaxtımız olacaq. Çalışacağıq ki, maksimum dincələk və “Atletiko” ilə oyuna tam hazır çıxaq.

- “Atletiko” ilə görüşdə ən azından Bakıdakı nəticəni təkrar etmək mümkündü?
- Çalışacağıq ki, Bakıdakı nəticəni ən azından təkrar edək. Amma çox ağır olacaq. Onlar çox ciddi yanaşırlar bizimlə oyuna. Bundan sonra 100 qat daha ciddi yanaşacaqlar. Sona qədər oynayacağıq ki, ən yaxşı nəticə ilə qayıdaq.