Bizim futbol

Fariz Nəcəfov: “Qələbə qazanacağımızı gözləyirdim”

“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov Topaz Premyer Liqanın 9-cu turunun son oyununda “Qarabağ” üzərində 1:0 hesablı qələbədən sonra jurnalistlərin suallarını cavablandırıb.

Dsport.az xəbər verir ki, klub rəsmisi əvvəlcə oyunla bağlı fikirlərini açıqlayıb:

- Hamı bilirdi ki, maraqlı və gərgin oyun olacaq. Uduzsaydıq, demək olar ki, çempionluqdan xeyli uzaqlaşacaqdıq. Ona görə də komanda oyuna çox ciddi hazırlaşmışdı. Mənə elə gəlir ki, uşaqlar psixoloji olaraq da oyuna yaxşı hazırlaşmışdılar. Qələbə qazanacağımızı gözləyirdim.

- Cənab nazir Kəmaləddin Heydərov da bu gün stadionda idi. Maraqlıdı, uşaqlara nə dedi?
- Təbrik etdi, getdi.

- “Qəbələ” bundan əvvəlki bəzi oyunlarda gözəl oynayıb, xal itirirdi. Amma ardıcıl 2 oyundu əks-hücum takstikasını seçir. Demək olar ki, komanda bundan sonra bu cür oyuna üstünlük verəcək?
- “Sumqayıt”la oyunumuzu, açığı, mən də bəyənməmişdim. Həmin oyunda qələbə bizə o qədər lazım idi ki, futbolçular artıq özləri qərar vermişdilər ki, müdafiədə oturmaq lazımdı. Bu oyunun isə taktikası bu idi. Birinci hissədə qarşılıqlı oyun getdi. İkinci hissədə isə hesabı qorumaq lazım idi.

- Bu qələbə yəqin ki, digərləri ilə müqayisədə daha fərqli idi. Çünki son çempion, lider və eyni zamanda Çempionlar Liqasında oynayan bir rəqibi məğlub etdiniz. Bu qələbə komandaya hansı dərəcədə təsir göstərəcək?
- Əlbəttə, çox müsbət təsir göstərəcək. Yenə deyirəm, ötən mövsüm də, bu il də əsasən zəif rəqiblərlə görüşlərdə xallar itirmişik. Bu barədə komanda ilə çox söhbətimiz olub. İnanıram ki, növbəti turlarda öz futbolumuzu oynayacağıq.

- Qolda oyundankənar vəziyyət olduğu ilə bağlı şübhələr var...
- Bilmirəm. Ona baxmaq lazımdı.

- İdarəçiliklə bağlı nə deyə bilərsiz?
- Normal hakimlik oldu.

- Ötən mövsümün böyük hissəsində “Qarabağ”dan öndə idiz. Amma üstünlüyü sonadək qoruya bilmədiz. Bu, nə ilə bağlı idi?
- Bu barədə ötən il kifayət qədər danışmışıq. Bu il çalışacağıq ki, həmin səhvləri etməyək.