Bizim futbol

“Biznes Liqa”nın püşkü atıldı: “Kapital Bank” “Gilan Holdinq”ə qarşı

ABL Cup 2017/18 turnirinin qrup mərhələsinin püşkatma mərasimi baş tutub. 

Dsport.az xəbər verir ki, “Pullman” otelində yüksək səviyyədə düzənlənən tədbirin təşkilatçılığını ASEP (Azfar Sport Events & Promotion) şirkəti öz üzərinə götürmüşdü. Təşkilatçı şirkət, tədbirin aparılmasını məşhur tele-jurnalist Sənan Şəfizadəyə həvalə edərək, gecəyə xüsusi rəng qatıb.

Mərasim ilk olaraq Sənan Şəfizafənin zalda əyləşən qonaqları və tədbirə gələn komanda üzvlərini salamlamağı ilə başlayıb, daha sonra səhnəyə xüsusi qonaqlar dəvət edilib. Gənclər və İdman Nazirliyinin, Futbol Sektorunun müdiri Fikrət Hüseynov, AFFA-nın Futzal üzrə koordinatoru Asim Xudiyev öncə təşkilatçıları idmanın inkişafına göstərdikləri dəstək və mini-futbol üzrə hazırlanan lahiyənin uğurları münasibəti ilə təbrik ediblər. Onlar çıxışlarının sonunda, “Biznes Liqa”nın iştirakçıları olan komandalara uğurlar diləyərək, təşkilatçıları dəstəklədiklərini bildiriblər. Qonaqların çıxışlarından sonra ABL Cup 2017/18 turnirinin lahiyə meneceri Tərlan Məmmədov öz növbəsində püşkatma mərasimi haqqında qısaca olaraq məlumat verərək, püşkatma mərasiminə start verib.

Beləliklə ABL Cup 2017/18 turnirinin qrup mərhələsinin ilk səkkiz komandasını müəyyən etmək üçün, səhnəyə ASEP (AZFAR SPORT EVENTS & PROMOTION) şirkətinin baş direktoru Andrey Sarıçev təşrif buyurub. Növbəti səkkiz komandanı müəyyənləşdirmək üçün, tədbir keçirilən məkan olan “Pullman” otellər qrupunun baş meneceri, Denis Le Nohaic səhnədə öz yerini alıb. Əcnəbi qonaq seçiminin sonunda çıxışını fransızlara məxsus “Güclü qalib gəlsin” ifadəsi ilə bitirib.

Püşkatmanın 16 komandası artıq müəyyən edilib. Daha sonra, Zirə komandasının kapitanı və Azərbaycan milli komandasının üzvü Anar Nəzirov səhnəyə çıxaraq 3-cü səkkizliyi müəyyən edib. Son səkkizliyin adını açıqlamaq üçün Zirə komandasının oyunçusu Milan Dyuriç səhnəyə çıxaraq, püşkatmanı yekunlaşdırıb. Püşkatma bitdikdən sonra Sənan Şəfizadə sözü, “Azfar Group”un marketinq meneceri Azər Hüseynova verib. O da, öz növbəsində gələcək perspektivli, qlobal lahiyələr haqqında danışıb. Tədbir Sənan Şəfizadənin komandalara keçirəcəkləri oyunlarda uğurlar arzu etməsi və püşkatma mərasimini yekunlaşdırması ilə sona çatıb.

Beləliklə, ilk dəfə olaraq, mini-futbol üzrə keçirilən ABL Cup 2017/18 turnirinin qrup mərhələsinin püşkatması nəticəsində, iştirak edən 32 komanda 8 qrupa bölünüb. Tədbirin rəsmi hissəsindən sonra bir-birinə rəqib olan komandalara təşkilatçılara öz suallarını ünvanlamaq üçün şərait yaradılıb.

Tədbir iştirakçıları onlar üçün məxsusi olaraq “Pullman” otelinin baş aşpazı tərəfindən hazırlanan nəfis təamlar ilə düzənlənən furşet masası ətrafına dəvət ediliblər. Komanda nümayəndələri, daha rahat bir ortamda gələcək oyunlar ilə bağlı söhbətlərini davam etdiriblər.

Qeyd etmək istərdik ki, ABL Cup 2017/18 turnirinin rəsmi saytı olan www.abl.az səhifəsində püşkatmanın nəticələri və keçiriləcək oyunlar haqqında geniş məlumatlar əldə etmək mümkündü. Mütəmadi olaraq yenilən bu səhifəni izləməyi unutmayın.

Sonda onu da qeyd edək ki, Dsport.az saytı da ABL Cup turnirinin informasiya tərəfdaşıdı.