Bizim futbol

Tərlan Əhmədov: “Neftçi”də qruplaşma hələ tam aradan götürülməyib”

Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyundan (1:0) sonra fikirlərini bölüşüb. 

Dsport.az xəbər verir ki, “ağ-qaralar”ın çalışdırıcısı öncə bunları söyləyib:

- Oyunun ağır olacağını bilirdik. Amma Gəncəyə 3 xal dalınca gəlmişdik. Azarkeşlərə təşəkkür edirəm. 90 dəqiqə ərzində bizə dəstək oldular. Bakıdan buraya gəlmişdilər. Onları sevindirdiyimiz üçün şadıq. Bu matçda ajiotajın böyük olacağını bilirdik. “Səbail”ə 4:0 hesabı ilə qalib gəldiyimiz matçdan sonra eyforiya, arxayınlaşma hardasa hiss olunurdu. Buna rəğmən, komandanı oyuna kökləyə bilmişdik. Amma əvvəlki matçlarla müqayisədə aşağı səviyyədə çıxış etdik. Meydança ideal vəziyyətdə idi. Hansısa bəhanə gətirə bilmərik. Lakin ümumi nəticə sevindiricidi.

- Bu gün cinahlar yaxşı işləmirdi və qol epizodlarını xərcləyirdiz. Bu, böyükhesablı qələbəyə mane oldumu?

- Açığı, cinahların çıxışı tam xoşuma gəlmədi. Birinci hissədə yaradılan epizodları qola çevirsəydik, tamam fərqli oyun olardı. Bəlkə də, bunu gözləyirdim. Çünki bir matç digərinə bənzəmir. Görüşdən əvvəl də həyəcanlı olduğumu demişdim.

- Hakimlik haqda nə deyə bilərsiz?

- Bir sözüm yoxdu. Onlar da insandı, səhvləri olacaq. Amma nə bizə, nə də “Kəpəz”ə qarşı haqsızlıq oldu. Hansısa etiraz bildirə bilmərəm. Onlara təşəkkür edirəm.

- İlk hissədə top rəqib futbolçunun əlinə dəysə də, hakim penalti nöqtəsini göstərmədi...

- Futbolda nə qədər belə epizodlar olur. Buna görə də, video-təkrara ehtiyac duyulur. Biz məşqçilər həmişə çılğın oluruq. O anda etiraz etməyim ani olan bir şeydi. Təkrara baxandan sonra konkret nəsə demək olar.

- Derlis Meza Kollisiz orta xətt necə çıxış etdi?

- Mənim üçün böyük problem yaratdı. Meza Kollinin Rəşad Sadiqovla tandemi yüksək səviyyədədi. Bir-birlərini gözəl başa düşürlər. Onun yoxluğu bizim işimizi bir qədər çətinləşdirdi. Bununla belə, əlimdəki materialdan maksimum istifadə etməyə çalışıram.

- “Neftçi”nin qələbə seriyasını davam etdirməsi üçün üzərində ən çox dayanmalı olduğu məqam hansıdı?

- Məni ən çox narahat edən məqam komandanın 90 dəqiqə ərzində eyni tempdə, sürətli futbol oynamamasıdı. Bundan əvvəlki matçlarda da göründü ki, komanda bir neçə dəqiqə ərzində yüksək temp nümayiş etdirir, sonra əksinə olur. Bu, təkcə fiziki durumla bağlı deyil, psixoloji məqam da var. Çempionatın elə bir dövrüdü ki, futbolçulara çox yükləmə verə bilmirsən. 21 futbolçumuz var. Hamısını eyni anda psixoloji cəhətdən hazırlamaq da çətindi. Problem fiziki və psixoloji durumdadı. Bu futbolçularla nəyəsə nail olmaq olar. Amma zamana ehtiyac var. Mən gələndə deməmişəm ki, bütün oyunlarda qələbə qazanacam. “Qarabağ” və “Qəbələ” ilə görüşlərdə də komandanı 3 xala kökləyəcəm.

- Komandada əvvəl futbolçular arasında qruplaşmanın olduğunu bildirmişdiz. Bu problemi tam aradan qaldırmısız?

- Yerlilər və əcnəbilərlə ayrı-ayrılıqda söhbət etdim. Hamısı bir-birinə tam dəstəkdi. Amma dediyiniz məsələ hələ aradan tam götürülməyib. Bu gün onu bir daha hiss etdim.