Bizim futbol

“Favorit “Qarabağ”dı, biz isə yaxşı mübarizə aparmağa çalışacağıq”

Premyer Liqanın 9-cu turunda “İnter”lə qarşılaşan “Səbail” rəqibinə qalib gəldi – 1:0.

Dsport.az xəbər verir ki, ilk yarıda rəqibi ilə toqquşma zamanı qaşı partlayan Amit Quluzadə ikinci yarının əvvəlində öz istəyilə əvəzlənib. Saytımıza açıqlama verən futbolçu öncə həmin epizodu şərh edib: 

“Zədə aldığım epizodda futbolçu topa ayağı ilə getdi, mən isə başımla. Həmin anda toqquşduq və qaşımda açılma oldu. Ona görə də birinci hissəni başa vursam da, ikinci yarıda gördüm ki, başım fırlanır. Bir nəfəri üç adam görürdüm (gülür). Ona görə də Samir müəllimdən xahiş etdim ki, məni əvəzləsin. İndi də vəziyyətim normaldı. Qaşıma sadəcə, tikiş atılıb. Bir-iki günə məşqlərə başlayacam”.

Quluzadə, “İnter” üzərində qazandıqları qələbəni layiqli hesab edir: “Neftçi”yə uduzandan sonra komandada, hamıda ruh düşkünlüyü var idi. Çünki istədiyimiz oyunu oynaya bilməmişdik. Ona görə “İnter”lə matça aqressiv çıxmışdıq. Bu matçda mütləq qalib gəlmək istəyirdik. “İnter” də neçə illərdi birlikdədi və ordakı uşaqlar bir-birini yaxşı tanıyır. Biz də oyuna aqressiv başladıq, qolu vurduq. Ümumi götürəndə pis oynamadıq. Ötən oyunlarla müqayisədə daha çox hücum etdik, qol buraxmadıq, yaxşı müdafiə olunduq. Bu da bizim üçün yaxşıdı.

Bizdə futbolçu çoxdu. Məşqçilər də çalışır ki, ədalətli davransınlar və hamıya şans versinlər. Biz də çalışırıq ki, komandamız elitadakı birinci ilində yaxşı nəticə qazansın. Liqanı normal pillədə bitirməyimizi istəyirəm”.

Premyer Liqanın 10-cu turunda “Səbail” “Qarabağ”ın qonağı olacaq. Yarımmüdafiəçinin fikrincə, Ağdam təmsilçisinə qarşı yaxşı mübarizə aparmaq olar: “Qarabağ” Çempionlar Liqasında çıxış edən komandadı. Hər mövqedə ən azı iki oyunçusu var. “Qarabağ”la oyunda da meydanda yaxşı mübarizə aparmağa çalışacağıq. Görək də necə olur. Oyunun favoriti haqda danışmağa ehtiyac yoxdu. Çünki aşkar favorit “Qarabağ”dı. Biz isə yaxşı mübarizə aparmağa çalışacağıq”.