Bizim futbol

Samir Zərgərov: “Hamı “Keşlə”ni də qəbul edəcək”

"İnter"in futbolçusu Samir Zərgərov Topaz Premyer Liqasının 9-cu turunda "Səbail"ə 0:1 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Dsport.az həmin müsahibəni təqdim edir:

- Komandanız ardıcıl 3-cü dəfə məğlub oldu. Nə baş verir?
- Komandanın yarısı zədəlidi, yarısı xəstədi. Eyni heyətlə, 11-12 nəfərlə oynamaq çox çətindi. Elə komandalar var ki, heyətlərində 23-24 futbolçu var. Bizdə bu baxımdan çox böyük problemlər mövcuddu.

- Hər məğlubiyyəti bu amilə bağlamaq lazımdı?
- Bağlamaq deyəndə ki, olur da. Uşaqların bəzisi matçlara iynə ilə çıxır. Yəni, əlimizdə heyət yoxdu.

- Yəqin ki, "İnter"in iynə-dərman almağa pulu var...
- Buna imkan var. Söz veriblər, gələn həftəyə kimi pullarımızı alacağıq.

- Bu ayın maaşını?
- Nə qədər qalıbsa, hamısını. İki-üç ay qalıb.

- "Səbail"in qələbəsini layiqli hesab edirsiz?
- Məncə, pis oynamadıq. Bizim də imkanlarımız oldu. Fasilədən sonra daha yaxşı oynayan tərəf biz idik. Qələbə münasibəti ilə "Səbail"i təbrik edirəm.

- Sizcə, komandaya nə motivasiya verə bilər?
- İnşallah, qışdan sonra transferlər olar. Bir oyunçu üçün daim oynamaq çox çətindi. Biri zədəli, biri xəstə oynayır.

- Komanda növbəti oyunlara "İnter" yox, "Keşlə" adı ilə çıxacaq. Bu barədə nə deyə bilərsiz?
- "İnter" mənim üçün doğma komandadı. Artıq 5-ci ildir burdayam. İstəməzdik ki, "İnter" dağılsın. Adlı-sanlı klubdu, Avropada da reytinqi var. "Zirə" və ya "Səbail" də yeni yarananda, insanlar uyğunlaşa bilmirdi. Amma indi "Zirə" deyəndə, hamı normal qaydada qəbul edir. İnşallah, hamı "Keşlə"ni də qəbul edəcək.

- "İnter"in adını dəyişməsinə üzülürsüz?
- Bəli, 5 il şərəfini qoruduğum komanda tarixdən silincək. Bu baxımdan üzülürəm.

- Bu gün "İnter"in son oyununun olması sizə motivasiya vermirdi?
- Verirdi. Hər oyunda əlimizdən gələni edirik ki, "İnter"i yaşadaq. İndi keçəcəyik "Keşlə"yə.

- Yəqin ki, qışa qədər rəhbərlik komandadan heç nə istəmir...
- Hamımız qələbə qazanmaq istəyirik. Bu gün də pis oynamadıq. "Kəpəz"lə oyuna hazırlaşacağıq.

- Təcrübəli futbolçu olsanız da, demək olar ki, start heyətində yer almırsız. Bu nə ilə bağlıdı?
- Bu, məşqçinin taktiki gedişi də ola bilər. Həm də "Neftçi" ilə görüşdən sonra neçə gündü məşq etmirdim.