Bizim futbol

“Araz” istirahətdə, rəqibləri meydanda

Bu gün futzal üzrə Yüksək Liqada 3-cü turun oyunları keçiriləcək. 

Dsport.az xəbər verir ki, “ABU Arena”da turun ilk oyununda hələ ki, xal qazana bilməyən komandalar üz-üzə gələcəklər. Heyəti tamamilə yerli futzalçılardan ibarət “Xəmsə” əsasən legionerlərə üstünlük verən “Yasamal”la münasibətlərinə aydınlıq gətirəcək. Nominal meydan sahibləri oyuna itki ilə çıxacaq. Belə ki, ötən tur “Marafon Futsal”la matçda ikinci sarı-qırmızı vərəqə alan və cəzalı duruma düşən Elçin Zeynalov komandasına kömək edə bilməyəcək.

Günün ikinci oyununda “Marafon Futsal” EKOL-la qarşılaşacaq. “Araz”ın istirahət etdiyi turda debütant üçün zirvədəki yerini möhkəmlətmək və xal fərqini artırmaq baxımından yaxşı fürsət yaranıb. Amma EKOL da medallara iddialı olduğunu hər mövsüm ortaya qoyub. Üstəlik, komandanın heyətində kifayət qədər təcrübəli futzalçılar yer cəmləşib, bu da debütantın işini xeyli çətinləşdirəcək. Bu baxımdan, duelin maraqlı keçəcəyi şübhəsizdi.

Tura “Neftçi” İK – FK.İD.Futsal matçı ilə yekun vurulacaq. Ötən turda istirahət etmiş təcrübəli “Neftçi” Yüksək Liqanın debütantı ilə görüşdə büdrəməməyə çalışacaq. Heyətində təcrübəli Ağatahir Əzimov kimi futzalçısı olan “FK.İD.Futsal” isə arxada qalan 2 oyunda yaxşı çıxış etməsinə baxmayaraq, xal qazana bilməməsinə bu dueldə son qoymaq istəyəcək. 

Qeyd edək ki, zala giriş pulsuzdu.

18:00 “Xəmsə” - “Yasamal”
Hakimlər: Elçin Səmədli, Azad Hüseynov, Kənan Məlikov
Hakim-inspektor: Arif Ağayev

19:30 EKOL - “Marafon Futsal”
Hakimlər: Yusif Nurullayev, Azər Əsgərov, Əli Cəbrayılov
Hakim-inspektor: Ağarza Rzayev

21:00 “Neftçi” İK - “FK. İD. Futsal”
Hakimlər: Ramil Namazov, Hikmət Qafarlı, Anar Fərəcov
Hakim-inspektor: Tofiq Şükürov