Bizim futbol

“Neftçi”dən mənə təklif gəlməyib, “İnter”dəki oyunumu düşünürəm”

Topaz Premyer Liqasının ikinci dövrəsi sabah “İnter” - “Qarabağ” matçı ilə start götürəcək. 

Paytaxt klubunun müdafiəçisi Sərtan Taşkın matç öncəsi dsport.az saytına danışıb. U-21 yığmamızın da formasını geyinən Taşkın bunları deyib: 

“Yığma komandadan gələndən sonra “İnter”in məşqlərinə qoşulmuşam. Hər şey yaxşı keçir, “Qarabağ”la oyuna hazırlaşırıq. Bu görüşə ciddi hazırlaşmışıq. Çünki oyunun asan keçməyəcəyini bilirik. Buna rəğmən, əlimizdən gələni edəcəyik. “Qarabağ”ın bizimlə oyundan sonra “Atletiko” ilə çətin matçının olması heç nəyi dəyişmir. Yəni fikrimcə, onlar yenə də bizimlə görüşə ciddi yanaşacaq və qələbə üçün çıxacaqlar. Biz də komanda olaraq çalışacağıq ki, “Qarabağ”dan xal və ya xallar alaq.

“Atletiko” ilə matçda isə “Qarabağ”ın uğurlu nəticə qazanmasını hamımız istəyirik. Bütün ölkə olaraq istəyirik ki, “Qarabağ” bu görüşdən yaxşı nəticə il ayrılsın. İnanıram ki, “Qarabağ” bunu edə biləcək”.

Son zamanlar Taşkının adı “Neftçi” ilə hallanır. Onun qışda “İnter”i tərk edərək “flaqman”la anlaşacağı bildirilir. Saytımıza danışan müdafiəçi bunun həqiqəti əks etdirmədiyini bildirib: “Neftçi”? Mənim bu barədə bilgim yoxdu. Heç onlardan mənə təklif də gəlməyib. “İnter”dəyəm və buradakı oyunum haqda düşünürəm. Keçən ay maaş almışıq. Problemlər həll olunur”.