Bizim futbol

Əfran İsmayılov: “Onlarla oyun bizim üçün həmişə çətin olur”

Milli komandamızın və “Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılovun dsport.az saytına müsahibəsi:

- Almaniya millisi ilə oyundan sonra “Qarabağ”lı futbolçular psixoloji və fiziki cəhətdən özlərinə gəliblər?
- Çexiya və Almaniyaya qarşı ağır oyunlar keçirdik. Hər ikisi ağır komandalar idi. Futbolçulara çox yükləmələr oldu. Buna baxmayaraq, yavaş-yavaş toparlanmağa çalışırıq. Sağ olsun, baş məşqçi də bizi başa düşür və istirahət verir. Hər şey qaydasına düşəcək. Şişirdiləsi bir şey yoxdu.

- “İnter”lə matçda hansı nəticəni qazanmaq istəyirsiniz?
- Bu komanda bizə hər dəfə çətin olub. “İnter”in öz oyun sistemi, dəst-xətti var. Həqiqətən də maraqlı komandadı. Hər il də avrokuboklara, çempionluğa oynayan komandadı. Ona görə də bizi maraqlı oyun gözləyir. Üstəlik, “İnter”in meydanında oynayacağıq. Əlimizdən gələni edəcəyik ki, ən yaxşı nəticəni qazanaq.

- Bu komanda ilə ilk dövrədə oynamışdınız və yalnız son dəqiqədə sənin vurduğun qolla qalib gələ bildiniz. Həmin oyunu necə xatırlayırsan?
- Bəli, həmin oyun yadımdadı. Qolu mən vurdum. Ancaq qolu kimin vurmasının önəmi yoxdu, əsas odu qalib gələk. Mən hücumda oynayıramsa, qol vurmalıyam, qol ötürməsi verməliyəm. Bu, mənim üzərimə düşən işdi. Hər oyunda bunu etməyə hazıram.

- “Qarabağ” “İnter”lə oyundan sonra “Atletiko” ilə görüşə çıxacaq. Rəqibin adını düşünəndə narahat olmursuz ki?
- “Atletiko” ilə matç haqda hələ danışmaq istəmirəm. Çünki öncə “İnter”lə oyunumuz var. Məhz həmin görüşdən sonra “Atletiko” barədə danışmaq olar.

- “Atletiko”nun son dəfə hansısa oyununa baxmısan? 
- Bu komanda haqda geniş danışmağa ehtiyac yoxdu. Hər şey göz önündədi. Dünyada ən güclü klublardan biridi. Çempionlar Liqasının finallarında oynayan komandadı.