Bizim futbol

UEFA Millətlər Liqasında dəstələr və səbətlərin tərkibi açıqlandı

UEFA Millətlər Liqasında bütün dəstələr və səbətlər bəlli olub. 

Dsport.az xəbər verir ki, UEFA-ya üzv olan 55 yığma 4 liqaya bölünüb. Hər liqada 4 qrup olacaq. Yarışın iki ən yüksək dəstəsinin hərəsində 12 komanda çıxış edəcək. C liqasında 15, D liqasında isə 16 iştirakçı mübarizə aparacaq. Azərbaycan yığması gözlənildiyi kimi, D liqasında yarışacaq.

Liqaların qruplarının püşkatması gələn il yanvarın 24-də İsveçrənin Lozanna şəhərində baş tutacaq. Azərbaycan yığması D liqasının ən yüksək reytinqlisi olduğundan 1-ci səbətdə yer alıb. Bu da millimizə zəif rəqiblər vəd edir. Püşkatma mərasimində Azərbaycan və Ermənistan yığmaları eyni qrupa düşməyəcəklər. UEFA bu iki ölkə ilə yanaşı, Rusiya və Ukraynanın da B Divizionunda fərqli qruplara salınması barədə qərar qəbul edib.
Səbəb kimi ölkələrarası münasibətlərin olmaması göstərilib.

Qrup mərhələsinin oyunları 2018-ci ilin sentyabr - noyabr aylarında keçiriləcək. Qrup qalibləri 2020-ci ilin martında yarımfinal və final oynayaraq, liqanın ən güclüsünü müəyyənləşdirəcəklər. Beləliklə, hər liqadan bir komanda 2020-ci il Avropa çempionatına vəsiqə qazanacaq. Daha 20 vəsiqənin sahibi isə 2019-cu ilin martında startı veriləcək Avropa çempionatının seçmə mərhələsinin yekununda məlum olacaq.
Burada 55 ölkə 5 və ya 6 komandadan ibarət 10 qrupa bölünəcək. Hər bir qrupdan 2 ən güclü komanda final mərhələsinə birbaşa vəsiqə əldə edəcək.

A, B və C liqalarının qruplarında sonuncu yeri tutanlar aşağı dəstəyə yuvarlanacaq və növbəti turnirdə orada çıxış edəcək. B, C və D liqalarının qruplarında 1-ci yeri tutanlar isə bir dəstə yuxarı irəliləyəcək. Azərbaycan millisinin də C liqasına vəsiqə uğrunda mübarizə aparmaq şansları yüksəkdi.

Qeyd edək ki, 2020-ci il Avropa çempionatı qitənin 13 şəhərində, o cümlədən Bakıda təşkil olunacaq.

A Liqası

1-ci səbət
Almaniya, Portuqaliya, Belçika, İspaniya
2-ci səbət
İsveçrə, Fransa, İngiltərə, İtaliya
3-cü səbət
Polşa, İslandiya, Xorvatiya, Hollandiya
 
B Liqası

1-ci səbət
Avstriya, Uels, Rusiya, Slovakiya
2-ci səbət
İsveç, Ukrayna, İrlandiya, Bosniya və Herseqovina
3-cü səbət
Şimali İrlandiya, Danimarka, Çexiya, Türkiyə

C Liqası

1-ci səbət
Macarıstan, Rumıniya, Şotlandiya, Sloveniya
2-ci səbət
Yunanıstan, Serbiya, Almaniya, Norveç
3-cü səbət
Çernoqoriya, İsrail, Bolqarıstan, Finlandiya
4-cü səbət
Kipr, Estoniya, Litva

D Liqası

1-ci səbət
Azərbaycan, Makedoniya, Belarus, Gürcüstan
2-ci səbət
Ermənistan, Latviya, Farer adaları, Lüksemburq
3-cü səbət   
Qazaxıstan, Moldova, Lixtenşteyn, Malta
4-cü səbət
Andorra, Kosovo, San Marino, Cəbəllütariq