Bizim futbol

Mahir Mədətov: “Sumqayıt”a 2 qol vursam da, zəif təsir bağışladım”

“Qarabağ”ın forvardı Mahir Mədətov Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində “Sumqayıt”a 4:1 hesabıyla qalib gəldikləri oyundan sonra dspot.az saytına müsahibə verib:

- Öncə “Sumqayıt”la matç barədə düşüncələrinizi öyrənək...
- Matçın ağır olacağını bilirdik. "Sumqayıt"ın qolundan sonra bizdə bir az tələskənlik var idi. Ona görə oyunumuz alınmırdı. Müəyyən qol epizodlarımız olsa da, onlara yüz faizlik də demək olmazdı.

- İlk yarıda məğlub oldunuz. Demək olar ki, "Roma" ilə oyunun təzyiqi indidən hiss olunurdu?
- Belə bir şey yox idi.

- Fasilədə Qurban Qurbanov sizə hansı tapşırıqları verdi?
- Qurban müəllim nəyə daha çox diqqət etməli olduğumuzu bizə bildirdi. Biz də çıxdıq və onun dediklərini etdik. Hesabı da xeyrimizə dəyişə bildik.

- İki baxımlı qola imza atdın. Amma daha çox qol vura bilərdin...
- Qol vurmaq mənim işimdi. Qollardan çox oyunum haqda düşünmək istəyirəm. Etiraf etmək istəyirəm ki, zəif təsir bağışladım. 

- Səncə, “Samtrediya” ilə ilk avrokubok oyunundakı “Qarabağ” daha güclü idi, yoxsa indiki komanda?
- Bu cür müqayisə etmək istəməzdim. Sadəcə, indi oyunlar arxa-arxayadı və bəzən yorğunluq da olur.

- "Roma" ilə görüş haqda hansı fikirdəsən?
- “Roma”nın gücü hamıya da bəllidi. Amma biz evdə oynayırıq və azarkeşlərimizi sevindirməyə çalışacağıq.

- "Qarabağ" "Roma" ilə oyunda sensasiya edə bilər?
- Biz öz oyunumuzu oynasaq, xeyirlisi nədisə, o da olacaq.