Bizim futbol

Elxan Məmmədov: “Avroliqanın final matçının Bakıya həvalə olunması böyük uğurdu”

AFFA-nın baş katibi Elxan Məmmədov 2019-cu ildə UEFA Avropa Liqasının final matçının Bakı Olimpiya Stadionunda keçirilməsinə münasibət bildirib. 

Federasiya rəsmisi dsport.az saytına açıqlamasında bu qərarın ölkədə futbolun inkişafına təkan olacağını deyib: “İlk növbədə Azərbaycan futbol ailəsini təbrik edirəm. Avroliqanın final matçının ölkəmizə həvalə olunması böyük uğurdu, nailiyyətdi. Avroliqa qitənin ikinci ən önəmli klub yarışıdı. Bildiyiniz kimi, belə mötəbər oyunların ev sahibliyinə nail olmaq asan deyil. UEFA tərəfindən həmişə olduğu kimi tender elan edildi. Tenderin sənədlərinə uyğun olaraq, son 14 ay ərzində AFFA rəhbərliyi dövlət təşkilatlarıyla birlikdə bütün məsələləri düzgün, peşəkar olaraq icra etməyə çalışırdı.

İyunun 6-da bütün sənədlər UEFA-ya göndərildi. Sentyabrda isə AFFA-nın prezidenti Rövnəq Abdullayev İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında Bakı şəhərinin final oyunlarına namizədliyi ilə bağlı hazırlanmış xüsusi prezentasiyanı UEFA prezidenti Aleksandr Çeferinə təqdim etdi. Çempionlar Liqasının final matçı uğrunda mübarizədə rəqibimiz Madrid şəhəri idi. Avroliqanın həlledici görüşünü təşkil etməkdə isə Bakı İstanbul və Sevilyaya rəqib olmuşdu. Sevindirici haldı ki, UEFA İcraiyyə Komitəsinin üzvləri Avroliqanın final matçını təşkil etmək uğrunda mübarizədə Bakını dəstəklədilər. 

Bu işdə bizə dəstək olan dövlət təşkilatlarına təşəkkür etmək istərdim. Azərbaycan dövlətinin dəstəyi olmasaydı biz Avroliqanın finalını Bakıya gətirə bilməzdik. Çünki, UEFA-nın ilk şərtlərindən biri dövlətin belə mötəbər matçın keçirilməsinə dəstək olmasıdı. Avroliqanın final görüşünün Bakıya həvalə olunması həm də UEFA-nın dövlətimizə, federasiyamıza etimadıdı. Avroliqanın final görüşü təkcə qitədə deyil, dünyanın əksər ölkələrində canlı yayımlanır. Bu oyunu izləmək üçün Azərbaycan paytaxtına futbol ictimaiyyətinin tanınmış simaları, çoxlu sayda azarkeşlər və turistlər gələcək. Final matçının yüksək səviyyədə təşkil olunacağına, əsl futbol bayramı kimi yadda qalacağına inanırıq. Qitənin ikinci ən nüfuzlu klub turnirinin qalibi Bakıda məlum olacaq. Bu, Azərbaycan üçün böyük idman hadisəsidi".