Bizim futbol

“Roma” ilə matç “Qarabağ” üçün “Çelsi” ilə oyundan asan olmayacaq”

“Qarabağ”ın keçmiş idman direktoru Conni Van Leon Ağdam klubunun Çempionlar Liqasındakı çıxışı barədə danışıb. 

Dsport.az saytına açıqlama verən hollandiyalı mütəxəssis Ağdam klubunun “Roma” ilə görüşdə uğurlu nəticə qazana biləcəyini söyləyib: 

“Təbii ki, “Qarabağ” hər zaman Azərbaycanda ən güclülərdən olub. Onların Çempionlar Liqasına düşməsi də elə-belə olmadı. Bu klub illərdi ki, əziyyət çəkir, güc sərf edir və indi də layiq olduğu Çempionlar Liqasında mübarizə aparır. Sadəcə, “Qarabağ”ın ilk turda bəxti də gətirmədi. Birdən-birə “Çelsi” ilə səfərdə qarşılaşmaq asan ola bilməzdi. Amma mən “Qarabağ”ın daha uğurlu çıxış edəcəyinə inanırdım. “Çelsi” ilə matç özü də “Qarabağ” üçün təcrübədi. “Qarabağ”ın çempionatdakı işlərinin qaydasında getdiyini bilirəm. Məncə, onlar Çempionlar Liqasındakı oyunlarda da uğurlu nəticələr qazana bilərlər. Amma bu, asan olmayacaq. “Roma” ilə Bakıdakı görüş də “Çelsi” ilə matçdakından asan keçməyəcək. Amma matçın Bakıda və xüsusilə də Olimpiya stadionunda keçirilməsi “Qarabağ” üçün böyük motivasiya olacaq”.