Bizim futbol

Elxan Abdullayev: “Neftçi” mənə minlərlə düşmən qazandırdı”

“Neftçi”nin sabiq baş məşqçisi Elxan Abdullayevin dsport.az saytına müsahibəsi:

- İstefanızdan sonra “Neftçi” Tərlan Əhmədova tapşırıldı. Gedişinizdən sonra bu komandada nəsə dəyişib?
- Nəyə görə bu sualı mənə verirsiz ki? Oyun planında dəyişiklik olması üçün vaxt lazımdı. Mən həmişə demişəm, Tərlan olsun, ya başqası, vaxt lazımdı. Tərlan da təzə gəlib, futbolçuları özü yığmayıb deyə, məcburdu onlarla oynasın. Onun özüylə gətirdiyi Rəşad Sadiqov da pis oynamadı. Allah eləsin ki, Əhmədovun vaxtında komanda yaxşı oynasın.

- Rəşad Sadiqov transferini doğru hesab edirsiz?
- Rəşad təcrübəli oyunçudu. Bir az çatışmazlığı var, o da fiziki baxımdan. Amma təcrübəsi ilə komandaya kömək edəcək.

- Bəs Emin Mahmudov necə, hazırkı durumda komandaya hansı köməyi dəyə bilər?
- Emin gənc futbolçudu. Baxmayaraq ki, Portuqaliyada karyerası alınmadı. İstənilən halda Emin millimizin üzvüdü. Rusiyada da oynayıb, güclü futbolçudu. Emin də “Neftçi” üçün yaxşı seçimdi.

- Emini siz hələ o vaxtı komandanızda görmək istəyirdiniz...
- Bəli, mən Emini ötən il gətirmək istəyirdim. Sadəcə o, vaxt Emin Portuqaliyada ara-sıra oynayırdı, oyun praktikası var idi. Mənim arzum da budu ki, hər bir azərbaycanlı futbolçu xaricdə oynasın. Emin Portuqaliyada oynayırdı deyə, ona təzyiq etmədim. Sadəcə, “Neftçi”də oynamaqla bağlı təklifimi etdim. Yəni hələ o vaxt onunla danışmışdıq. Emin bizə dedi ki, “Boavişta”dan ayrılsam, danışmaq olar, ancaq indi Portuqaliyadayam və Azərbaycana gəlmək istəmirəm”. İndi də “Neftçi”yə kömək edər.

- “Neftçi”yə görə millidən ayrıldığınıza üçün indi peşmanlıq hissi var?
- Peşmanlıq çəkmək lazım deyil. Çünki addımı insan özü atır. Bu da mənim seçimim idi. Düzdü, “Neftçi”yə kömək etmək istəyərdim, alınmadı. Amma bu, o demək deyil ki, bununla da həyat dayandı. Şans olsa, yenə də gedib millidə işləyərəm.

- “Neftçi”dən ayrılandan sonra AFFA-dan sizə təklif gəlib?
- Tsikl başa çatmaq üzrədi, cəmi iki oyun qalıb. Bu seçmə mərhələ qurtarandan sonra yəqin bu məsələyə də aydınlıq gələr.

- Özünüz yenidən millidə işləmək istəyirsiz?
- Əlbəttə ki, istəyirəm. Neçə illər millidə işləmişəm. Millidə işləmək hər bir məşqçi üçün şərəfdi.

- Tərlan Əhmədov mətbuat konfransında dedi ki, Elxan Abdullayevdən halallıq alacam. Halallıq aldı?
- Mən bunu heç başa düşmürəm. Halallığı məndən yox, Allahdan almaq lazımdı (gülür). Mən kiməm ki, halallıq verim? Bu, mənim dədəmin komandası deyil ki. Ondan qabaq da mən işləmişəm. Bu halallıq sözü Azərbaycanda populyarlaşıb. Əhmədova “Neftçi”də ürəkdən uğurlar arzulayıram. Görüşməyə qaldıqda isə, istənilən vaxt onunla oturub söhbət etməyə hazıram. O, mənim yaxın dostumdu, indi sadəcə, başı qarışıqdı. 

- “Neftçi” Elxan Abdullayevlə nə qazandı və nə itirdi?
- “Neftçi” Elxan Abdullayevə minlərlə düşmən qazandırdı (gülür). Bir də əsəblərim pozuldu. Müsbət də olsa, mənfi də olsa, təcrübə idi. Demək ki, bu mərhələni də keçmək lazım idi. Ancaq heç bir peşmanlıq çəkmirəm. Bu da bir həyat təcrübəsi idi. Ola bilər ki, indiki “Neftçi”ni götürməyə hazır deyildim. Amma həyat davam edir. Bəlkə də nə vaxtsa gələcəkdə yenə də “Neftçi”də işlədim, kim nə bilir?