Bizim futbol

"Nə vaxtsa Azərbaycana qayıdası olsam, "Neftçi" və ya "Qəbələ"də oynayaram"

Bir neçə gün öncə İsveçin "Lüksele" klubuna keçən Tapdıq Əliyev Dsport.az-a müsahibə verib. "Neftçi"nin yetirməsi olan Əliyev karyerası ərzində "Simurq", "Bakı", "Sumqayıt", "Turan Tovuz" və "Rəvan" klublarında oynayıb

Bir neçə gün öncə İsveçin "Lüksele" klubuna keçən Tapdıq Əliyev Dsport.az-a müsahibə verib. "Neftçi"nin yetirməsi olan Əliyev karyerası ərzində "Simurq", "Bakı", "Sumqayıt", "Turan Tovuz" və "Rəvan" klublarında oynayıb.

- İsveç klubuna keçidin necə baş tutdu?
- Bu kluba keçidim menecer vasitəsilə baş tutdu. Menecer mənə bu klubda oynamağı təklif etdi. Klubumda azərbaycanlı məşqçi də var, həmin məşqçinin marağı və dəstəyilə bu kluba keçidim baş tutdu.

- Artıq bir neçə oyun oynamısan və qol da vurmusan. Yaradılan şərait və maddi durum səni qane edir?
- Üç oyun oynayıb, bir qol vurmuşam. Komandaya keçidimə görə xoşbəxtəm. Hər şey də məni qane edir. Rəhbərlik və məşqçilər korpusu da mənə dəstəyini əsirgəmir. Şəraitimiz Azərbaycan Premyer Liqasındakı klublarım çoxunun şəraitindən yaxşıdı. Üç təbii, bir süni örtüklü meydançamız var.

- İsveç 4-cü liqa və Azərbaycan Premyer Liqası arasında fərq böyükdü?
- İsveç dördüncü liqası bizim birinci diviziondan güclüdü. Buradakı futbolçular fiziki cəhətdən çox güclüdülər.

- Komandanın əsas məqsədi və vəzifəsi nədi?
- Rəhbərlik tərəfindən qarşımıza yalnız çempionluq məqsədi qoyulub. Hələ ki, ilk pillədəyik. Ümumilikdə isə komandanın qarşısındakı məqsəd yaxın illərdə birinci liqaya qədər yüksəlməkdi.

- İsveçdə qısa müddətdə hansısa klubların diqqətini çəkə bilmisən? İllər sonra səni "Malmö", "Hammarbü", "Göteborq" kimi klublarda görə bilərik?
- Buraya öz arzularımın arxasınca gəlmişəm. Başqa böyük futbolçuların hekayəsini oxumaqdansa, öz hekayəmi yazmaq qərarını verdim. Buradan "Hammarbü", "Göteborq"a keçmək bir addımlıqdı. Çünki hər hansı skautun diqqətini cəlb etdin, vəssalam. Ona görə çıxdığım hər oyunda əlimdən gələni edirəm. Qaldı ki, təkliflərə, onları mövsüm sonunda gözdən keçirəcəm. İndi bütün diqqətimi komandamın çempion olmasına yönəltmişəm.

- Ölkə xaricində oynayan futbolçularımız az deyil. İsveçdə aşağı liqada oynayaraq millimizin və ya iddialı klublarımızın diqqətini cəlb edə bilərsən?
- Futbola başlayanda hər bir uşağın arzusu öz millisinim formasını geyinmək olur. Mən də futbola gələndən qarşıma bunu məqsəd qoymuşam. Milli formasında meydana çıxmaq hissini yaşamaq üçün əlimdən gələni edəcəyimə özümə söz vermişəm. Bunun üçün İsveç yüksək liqasında çıxış edən klublarda oynayaraq millimizin məşqçilərinin diqqətini çəkməliyəm. Nə vaxtsa Azərbaycana qayıdası olsam, mənə futbolu sevdirən və akademiyasını bitirdiyim "Neftçi"yə və yaxud da peşəkarlığa görə bir çox avropa klubundan üstün olan "Qəbələ"də oynamağa razı olaram.

- Ölkə xaricinə pula, yoxsa karyeraya görə getdin?
- Azərbaycanda 2-3 klubu çıxmaq şərtilə digərlərində elə də böyük pullar yoxdu. Əsas məqsədim mənə inanan insanların ümidini doğrultmaqdı. Buradakı maaşlar ötənilki AZAL, "Kəpəz" və birinci divizionda iddialı klubların verdiyindən üç dəfə çoxdu.