Bizim futbol

Şəhriyar Rəhimov: "Yevlaxda özümüzü ev sahibi kimi hiss etmədik"

"Kəpəz"in kapitanı Şəhriyar Rəhimov Dsport.az-a müsahibə verib

"Kəpəz"in kapitanı Şəhriyar Rəhimov Dsport.az-a müsahibə verib:

- "Zirə" ilə matçda məğlub oldunuz. Görüşü necə dəyərləndirirsən?
- Görüş barəsində deyiləsi bir şey yoxdu. Zəif oynadıq və uduzduq. "Zirə" müdafiədə qapalı oynadı və bizi əks-hücumlarda tutdu. Qol epizodlarımız olsa da, istifadə edə bilmədik. Ümumi götürəndə, yaxşı çıxış etmədik və uduzduq. 

- Bəs hesab niyə 0:3 oldu?
- Müdafiəni unudub irəli atıldıq. Fikrimizi ancaq hücuma yönəltmişdik, qol vurmaq istəyirdik.

- Özünüzü ev sahibi kimi hiss edirdiz?
- Xeyr, özümüzü ev sahibi kimi hiss etmədik. Meydança bizə tanış deyildi. Ancaq bunlar səbəb deyil. Azarkeşlər də Gəncədə olduğu qədər olmadı. Sağ olsunlar, vaxt tapıb gəlib bizi dəstəklədilər. Heyf ki, onların əziyyətinin qarşılığını verə bilmədik. 

- Necə düşünürsən, Yevlax şəhər stadionunun təbii ot örtüyündənsə, Tovuzda sünii örtükdə oynamaq yaxşı olmazdı?
- Harada oynayacağımıza rəhbərlik qərar verir.

- "Kəpəz"də nə baş verir, komanda niyə özünə gələ bilmir?
- "Kəpəz" yeni komandadı, dəyişikliklər çox oldu. Bəlkə bu da çıxışımıza təsir edir. Amma biz oturub gözləyə də bilmərik. Çünki rəqiblərimiz bizdən uzaqlaşır. Ona görə də toparlanıb vəziyyəti dəyişmək lazımdı. Çempionat başlayanda fikirləşmirdik ki, təki 8-ci pilləni tutmayaq. Yəni bu komanda Premyer Liqada qalmaq uğrunda mübarizə aparmaq üçün yığılmayıb. Lakin futbolda belə şeylər olur. İki il əvvəl "Çelsi" o cür büdcə ilə 15-ci pillədə gedirdi. Müqayisə etmirəm, sadəcə, futbolda hər şey planlaşdırdığın kimi getmir. Hələ gec deyil, vəziyyəti düzəltməliyik ki, sonra peşman olmayaq.

- Növbəti turda "Neftçi" ilə qarşılaşacaqsız. Mövsümdə ilk qələbənizi qazanacağınıza əminsən?
- Hər iki komanda çempionata məğlubiyyətlərlə başlayıb. Ona görə də matç çox gərgin keçəcək. Hər iki komanda çempionatda ilk qələbəsini qazanmaq istəyəcək.