Bizim futbol

“Qarabağ” Qurbanovla 400-ə çatdı

Azərbaycan Premyer Liqasının 2-ci turu “Qarabağ” və baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olub

Azərbaycan Premyer Liqasının 2-ci turu “Qarabağ” və baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olub.

Dsport.az xəbər verir ki, Ağdam təmsilçisi təcrübəli mütəxəssisin rəhbərliyi altında 400-cü oyununu keçirib. “İnter”i 1:0 hesabı ilə məğlub edən əyalət klubu bu yubileyi 3 xalla qeyd edib.

2008-ci ilin yayında “Qarabağ”ın “sükanı arxasına” keçən 45 yaşlı çalışdırıcı 9 ildə komandasını Premyer Liqa, Azərbaycan kuboku, Çempionlar Liqası və Avropa Liqası görüşlərinə çıxarıb. “İnter”lə qarşılaşmayadək 399 matçda iş başında olan Qurbanov 4-cü “yüzlüy”ü “Azərsun Arena”da tamamlayıb.

“Qarabağ” Qurbanovun rəhbərliyi dövründə 222-ci dəfə qalib gəlib. Yubiley matçınadək 221-ə bərabər rəqəm “Azərsun Arena”da “2”lərin üçləşməsi ilə əlamətdar olub.

Qurbanovlu “Qarabağ” 400 matçda 105 heç-heçə edib. Mütəxəssis yetirmələrinin 73 məğlubiyyətinə üzülüb. Bu görüşlərdə “Qarabağ” 578 qol vurubsa, öz qapısından 288-ni buraxıb.

Qeyd edək ki, Qurbanov karyerası ərzində “Qarabağ”dan başqa yalnız “Neftçi”də çalışıb. Apasport