Bizim futbol

Azərbaycan futbolunda daha bir yeni klub

Azərbaycan futbolunda yeni klub yaradılıb

Azərbaycan futbolunda yeni klub yaradılıb. 

Dsport.az xəbər verir ki, klubun adı “Xəzər”di. Xeyr, “Xəzər Lənkəran” yox. Yeni klub Bakıda yaradılıb. Kollektiv paytaxtı təmsil edəcək və cari ildən etibarən Birinci Divizionda mübarizə aparacaq.

Artıq yeni futbol klubu Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Peşəkar Futbol Liqası (PFL) ilə də danışıqlar aparılıb və razılıq əldə olunub. Paytaxtda məskunlaşan komandada seleksiya işlərinə də start verilib. İlk mərhələdə çalışmalar "Sərhədçi" İdman-Sağlamlıq Mərkəzində təşkil olunub.

Klubun yaradılmasında əsas məqsəd Azərbaycanda futbolun kütləviliyinə dəstək olmaq, gənclərin peşəkar futbolçu kimi inkişafını təmin etməkdi. Məhz buna görə ilk mövsümdə klubun əsasını gənclər təşkil edəcək. "Xəzər" gənc futbolçulardan ibarət mübariz və əzmkar komanda yaratmaq niyyətindədi. Klub ölkənin müxtəlif yaş qruplarından ibarət yığmalarına futbolçu hazırlamağı hədəfləyib.

“Xəzər”i kimin çalışdıracağı da dəqiqləşib. Ötən mövsüm "Səbail"də Elman Sultanovun köməkçisi işləyən Rövşən Qasımov yeni yaranan komandanın “sükan arxasına” gətirilib. Gənc mütəxəssisin qarşısına iddialı kollektiv qurmaq vəzifəsi qoyulub.

Klubla bağlı daha ətraflı bilgi almaq üçün bsş məşqçi Rövşən Qasımovla əlaqə saxladıq. O, artıq bütün lazımi sənədlərin PFL-ə göndərildiyini bildirib: “Bəli, “Xəzər”in əsasının qoyulması ilə bağlı məlumatlar doğrudu. Belə bir planımız var. Artıq Ədliyyə Nazirliyində qeydiyyatdan da keçmişik. Yaxın zamanlarda ictimaiyyətə daha ətraflı məlumat veriləcək. Rəhbərlik konkret qərar verib. Artıq işlərin 90 faizi həllini tapıb. Bəzi texniki məsələlər qalıb. Bizim nümayəndəmiz PFL-ə müraciət edib. Bütün müvafiq sənədlər quruma təqdim olunub. Klubun maliyyələşdirilməsi ilə bağlı konkret nəsə deyə bilmərəm. Mənim işim əsas məşq prosesinə rəhbərlik etməkdi”. 

Qasımovun sözlərinə görə, artıq komandanın seleksiya xarakterli məşqləri də başlayıb: “Artıq toplaşmışıq. Bu gün (dünən) ilk məşqə çıxdıq. Sıralarımızda o qədər çox futbolçu yoxdu. Məşqlərimiz seleksiya xarakterlidi. Danışıq apardığımız oyunçular var. Onların bəziləri istirahətdədi. Bir qismi də bizə söz verib. Düşünəcəklərini deyənlər də var. Yaxın zamanda heyətimiz tam olacaq. Ev oyunlarımızın harda keçiriləcəyi bəlli deyil. Bu suala da 10 gün ərzində tam aydınlıq gələcək. Bir sözlə, bütün işlər Birinci Divizionda çıxış etmək üçün qurulub. Ümid edirəm ki, aşağı dəstədə oynayacağıq. Sonra bu layihəni daha da böyütmək niyyətindəyik”.

Sonda Dsport.az yeni yaranan klubun loqosunu ilk dəfə olaraq təqdim edir:

Xezer FK.jpg