Bakı-2015

"Avropa Oyunlarının müsəlman ölkəsində keçirilməsi müdrik qərardı"

Azərbaycan prezidenti İlham Əliyev  "Rossiya-24" telekanalına müsahibə zamanı I Avropa Oyunlarının Bakıda keçirilməsi və Oyunlara hazırlıq barədə danışıb

Azərbaycan prezidenti İlham Əliyev  "Rossiya-24" telekanalına müsahibə verib.

AzərTac-In yaydığı xəbərə görə, prezident müsahibə zamanı I Avropa Oyunlarının Bakıda keçirilməsi və Oyunlara hazırlıq barədə də danışıb:
 
"Biz Avropa Oyunlarına hazırlaşırıq. Bu Oyunlar ilk dəfə keçiriləcək. Biz çox şadıq ki, Avropa Olimpiya Komitəsi bu hüququ Azərbaycana etibar etdi. Avropa Oyunları heç vaxt keçirilməyib. Lap əvvəldən, Oyunların Bakıda keçiriləcəyi haqda qərar qəbul edilən vaxtdan biz bu Oyunları ən yüksək səviyyədə, Yay Olimpiya Oyunları səviyyəsində keçirməyi qərara aldıq.

Bu Oyunlar yetərincə miqyaslı olacaq. Biz idmanın 20 növündə yarışacaq 6 mindən çox idmançı gözləyirik. Ümumiyyətlə, bu, Yay Olimpiya Oyunları ilə müqayisə edilə bilər. Biz daha çox idmançı və idmanın daha çox növünü qəbul edə bilərdik. Lakin müəyyən edildi ki, bu miqdar kifayətdir. Bizim əsas çətinliyimiz ondan ibarət idi ki, hazırlıq üçün vaxt çox az idi – cəmi iki il yarım. Lakin biz vaxtı hədər yerə itirmədik. Yeni idman obyektləri tikilir və əlbəttə, yeni nəqliyyat infrastrukturu yaradılır. Şəhərimiz bu Oyunları gözləyir. Oyunlar yarım ildən sonra keçiriləcək. Bu, böyük Avropa bayramı olacaq".

Dövlət başçısı bildirib ki, Avropa Oyunlarının müsəlman ölkəsində keçirilməsi müdrik qərardır:

"Bu, məhz sizinlə danışdığımız mövzu – multikulturalizm, sivilizasiyaların və mədəniyyətlərin qarşılıqlı nüfuz etməsi baxımından müdrik qərarlardan biridir. 2017-ci ildə isə Bakıda İslam Həmrəylik Oyunları keçiriləcək. Yəni, iki il ərzində Azərbaycan həm Avropanı, həm də islam dünyasını, arada isə "Formula-1” yarışlarını qəbul edəcək. Yeri gəlmişkən, Soçidə bu yarışlar uğurla keçirildi. Bu münasibətlə də sizi təbrik edirəm. Beləliklə, "Formula” yarışları üçün əvvəlcə Soçi, ondan sonra isə Bakı yeni şəhər olacaq, necə ki, Olimpiada. Buna görə fürsətdən istifadə edib rusiyalıları təkcə Avropa Oyunlarına yox, ümumiyyətlə, Bakıya tez-tez gəlməyə dəvət etmək istərdim”.