Bakı-2015

"Bakı-2015" dünya mətbuatının diqqət mərkəzində

“Birinci Avropa Oyunları üçün infrastrukturların yüksək standartlara uyğun tikintisi gələcəkdə Azərbaycan paytaxtının olimpiya məqsədlərinə xidmət edəcək"

2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunları dünya kütləvi informasiya vasitələrinin diqqət mərkəzindədir.

Birinci Avropa Oyunlarının Əməliyyat Komitəsinin sədri, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bildirib ki, bu iri idman tədbiri “Olimpiya Oyunlarının keçirilməsinə Bakının verdiyi ərizələrin uğuru üçün bir növ tramplin olacaq. Bu barədə "Associated Press" agentliyinə istinadən Qərbin aparıcı KİV-i yazıb.

Agentlik Rəhimovun sözlərindən sitat gətirib: “Birinci Avropa Oyunları üçün infrastrukturların yüksək standartlara uyğun tikintisi gələcəkdə Azərbaycan paytaxtının olimpiya məqsədlərinə xidmət edəcək".

Bundan əvvəl Bakı 2016-cı və 2020-ci illər Olimpiya Oyunlarının keçirilməsi üçün ərizə versə də, uğursuz olub.

Rəhimovun sözlərinə görə, Avropa Oyunları Bakıda Olimpiya infrastrukturunun yaradılması və təkmilləşdirilməsi üçün fürsət yaradıb.

Nazir qeyd edib ki, hazırda Bakıda müasir texnologiya və avadanlıqlar tətbiq edilməklə Olimpiya standartlarına uyğun idman obyektləri tikilir.

Azad Rəhimov Avropa Oyunlarına hazırlıq işləri barədə məlumat verərək bildirib ki, Avropa Oyunları idmanın 20 növü üzrə keçiriləcək. Bu oyunlardan 16-sı olimpiya, 4-ü isə qeyri-olimpiya idman növüdür.

Parisdəki mətbuat konfransında Rəhimov bildirib ki, Bakıda idman obyektlərinin yaradılması çərçivəsində tikinti işləri qrafik üzrə gedir və gələn ilin fevral ayında başa çatacaq: "Bizim hazırlıq üçün cəmi 2,5 il vaxtımız olub, lakin hər şey Olimpiya Oyunlarının standartlarına uyğun keçiriləcək. Bu, çox yüksək səviyyədir və bizim gələcək ərizələrimiz üçün həqiqətən yaxşı şans verir".

Materialda qeyd edilib ki, Bakıda 6 min yerlik Su İdmanı Sarayının tikintisi, yolların və mövcud idman obyektlərinin yenidən qurulması həyata keçirilir.

Agentlik yazıb ki, 2015-ci ildə Azərbaycanın Milli Olimpiya Komitəsinin 2024-cü il Olimpiya Oyunlarının keçirilməsi üçün ərizə verəcəyi gözlənilir. ABŞ, Fransa, İtaliya, Almaniya, Qətər və Türkiyədə bu olimpiadanın keçirilməsi üçün ərizə verə bilərlər.

Nəşr Fransanın Milli Olimpiya Komitəsinin rəhbəri Deni Masselyunun sözlərindən sitat gətirərək yazıb ki, birinci Olimpiya Oyunlarının Bakıda keçirilməsi sübut edir ki, Azərbaycan paytaxtı heç bir problem olmadan Olimpiya Oyunlarının keçirilməsinə namizəd ola bilər.

Masselyu qeyd edib ki, "Əgər Paris 2024-cü il Olimpiya Oyunları uğrunda mübarizədə iştirak etməməyi qərara alarsa, Fransa Bakının namizədliyini dəstəkləyə bilər".