Bakı-2015

"Bakı"-2015" ilk idman elçilərini elan etdi

İdmançılar öz idman növlərini və ölkələrini təmsil etmək üçün seçiliblər və qarşıdan gələn Oyunlarla bağlı marketinq kampaniyalarında iştirak edəcəklər

“Bakı-2015” Avropa Oyunları noyabrın 19-da ilk Avropa Oyunlarının idman elçiləri olacaq 11 Azərbaycan idmançısının adlarını elan edib.

İdmançılar öz idman növlərini və ölkələrini təmsil etmək üçün seçiliblər və qarşıdan gələn Oyunlarla bağlı marketinq kampaniyalarında iştirak edəcəklər. Onlar növbəti yay keçiriləcək tədbirin bütün Azərbaycanda təbliğ edilməsində iştirak edirlər.

Açılış mərasimi yaxınlaşdığından onlar, həmçinin “Bakı-2015”in geniş şəkildə qeyd olunacaq möhtəşəm tədbirlərində iştirak edəcəklər.

Seçilmiş idmançılar bunlardır: Suğra Müqabilzadə (oxatma), Nazim Babayev (yüngül atletika), Amil Həmzəyev (basketbol 3x3), Elgün Əlizadə və Murad Sultanov (velosiped idmanı), Səbinə Mikina (qılıncoynatma), Marina Durunda (gimnastika), Elmar Qasımov (cüdo), Ceyran Əliyeva (voleybol), Rövşən Bayramov və Mariya Stadnik (güləş).

Azərbaycanın gənclər və idman naziri və “Bakı-2015”in baş icraçı direktoru Azad Rəhimov deyib: “Bu idmançılar ölkənin ən yaxşılarından bir neçəsidir. Onlar Avropa Oyunlarının ən yaxşı idman elçiləri olduqlarını sübut edəcəklər. Biz onlardan “Bakı-2015”in yaşadacağı həyəcanı ölkənin digər bölgələri ilə də paylaşmalarını istəyirik və əminəm ki, onların nailiyyətləri bütün Azərbaycan gənclərini həvəsləndirəcək”.

Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib: “Biz idman elçiləri proqramı üzrə “Bakı-2015”lə birgə çalışmaqdan məmnunluq duyuruq. “Bakı-2015” idmançılarımız üçün beynəlxalq arenada bacarıqlarını, öz idman növləri və ölkələrini təmsil etmələri üçün son dərəcə mühüm imkandır. İdman elçiləri proqramı onlara öz karyeralarını inkişaf etdirməkdə yardımçı olacaq”.

“Bakı-2015” idman elçiləri proqramı beynəlxalq kampaniyalar vasitəsilə Avropa Oyunları haqda dünya miqyasında məlumatlılığın artırılmasına kömək edəcək tanınmış elçiləri də cəlb edəcək.

“Bakı-2015”in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib: “İdman elçiləri proqramı birinci Avropa Oyunlarına yardım etmək üçün Avropadan qalib olacağına ümid edən məşhur idmançıların dəstəyindən yararlanacaq və bunun uğurlu olacağına əminik. Göstərdikləri köməyə görə bütün Azərbaycan idmançılarına təşəkkür edirik. Gələcək aylarda “Bakı-2015”in təbliğ edilməsində onlarla birgə çalışmağı səbirsizliklə gözləyirik”.