Almaniya

Qnabri rəsmən “Bavariya”da

Almaniya çempionu “Bavariya” 2017-ci ilin yayında “Verder”dən transfer etdiyi Serj Qnabri ilə müqavilə imzalayan kimi, onu “Hoffenhaym”a icarəyə vermişdi.

Dsport.az xəbər verir ki, artıq bu klubla icarə müqaviləsinin müddəti başa çatan futbolçu bu gündən etibarən “Bavariya”nın düşərgəsinə qoşulub. Münhen klubu yeni baş məşqçi Niko Kovaç kimi, Qnabri üçün də təqdimat mərasimi təşkil edib. Serj bu komandada 22 nömrəli formanı geyinəcək. O, bu gündən təlim-məşq toplanışına start verən “Bavariya”nın məşqlərinə qoşulub.

Qeyd edək ki, Qnabri karyerasına “Ştutqart”da başlayıb. Daha sonra o, London “Arsenal”ına transfer olunub. 17 yaşında ikən İngiltərə Premyer Liqasında, daha sonra Çempionlar Liqasında debüt edən almaniyalı futbolçu bir müddət “Vest Bromviç”də də icarədə oynayıb. 2016/17 mövsümündə isə o, “Verder”in şərəfini qoruyub. 22 yaşlı futbolçu Almaniyanın əsas yığmasında keçirdiyi 2 oyunda 3 qol vurub.