Almaniya

“Bavariya” yeni baş məşqçisini rəsmən açıqladı

Almaniyanın “Bavariya” klubunun yeni baş məşqçisi bəlli olub.

Dsport.az Münhen klubunun rəsmi saytına istinadən xəbər verir ki, komandanı bundan sonra Yupp Haynkes çalışdıracaq. 

Bu gün onunla mövsümün sonuna qədər müqavilə imzalanıb. 72 yaşlı mütəxəssis işinə oktyabrın 9-da başalayacaq. Haynkes bu vəzifədə istefaya göndərilən Karlo Ançelottini əvəz edib. 

Qeyd edək ki, Y.Haynkes bundan əvvəl 3 dəfə "Bavariya"nı  (1987-1991, 2009, 2011-2013) çalışdırıb. O, 2012/13 mövsümündə Münhen klubuna UEFA Çempionlar Liqası, Bundesliqa, Almaniya Kuboku və ölkə Superkubokunu qazandırıb. Haynkes məhz bu uğurların ardından komandadan ayrılmışdı.

O, yeni təyinatından sonra maraqlı açıqlama da verib: “Bu, qayıdış deyil, sadəcə, dost xidmətidi. Belə bir qərarı qəbul etdim, çünki “Bavariya”nın buna ehtiyacı var idi. Özümü çox gözəl hiss edirəm”.