Xilaskar taksi sürücüsü

6b42e16784c7a653580c60d28c2dde70.jpg

Qapıçı - adından da göründüyü kimi, meydanda qapıya cavabdeh olan şəxsdir. Düzdür, “tiki-taka” sayəsində artıq oyun planında müəyyən rol oynamağa başlayıblar, amma yenə də qolkiperlərin yerinə yetirməli olduğu tək missiya var: 90 dəqiqə ərzində qapını toxunulmaz saxlamaq.

Bu işin öhdəsindən lazımınca gələnlərin adları dillər əzbəri olur. İllər keçsə də, Lev Yaşin haqqında danışanlar var. Və yaxud da illər bir-birini əvəzləyəcək, ancaq Buffonu unutmayacağıq.

Bəzi əlcək sahibləri də var ki, vurduqları qollarla gündəmə gəlirlər. Bəziləri deyirəm, ancaq sayları elə də çox deyil. “Adrenalin dozası artıq olanlar fəsiləsi”nə daxildirlər. Riyaziyyatda toplananlardan birinin yerinə Xose Luis Çilaverti qoysam, digərini isə Rojerio Seni ilə əvəzləsəm, yəqin ki heç kəs cəmin qola bərabər olmasına görə məndən inciməz. Yeni abzasa keçmədən öncə Çilavert və Senini bir kənara “park” etməliyəm.

Bu gün haqqında danışacağım qolkiperin təqdimata ehtiyacı var. Çünki o nə Buffonla Yaşinə yaxın düşə bilib, nə də ikincilərdən olub. Ancaq hekayəsi o qədər maraqlıdır ki, İngiltərədən bu qədər uzaqda yaşayan biri onun haqqında cızma-qara edir.

Təxmin etdiyiniz kimi, hadisə İngiltərədə cərəyan edir. Adada futbola maraq bir başqa səviyyədə olduğundan, bu gözəl idman növü ilə əlaqədar insan hekayələrinin sayı da sonsuzdur.

1999-cu il, 8 may, İngiltərə üçüncü divizionu, sonuncu tur, adlarını həyatınızda 1-2 dəfə eşitdiyiniz “Karlayl Yunayted”, “Plimut Arqayl” və “Skarboro”, bir də baş rol ifaçısı - cənab Cimmi Qlass. Parçalar hazırdır; artıq onları birləşdirməyin zamanıdır.

Karyerası ərzində bir dənə də olsun titul qazanmayan, individual bacarıqlarına görə tanrı tərəfindən “lənətlənmiş” bir əfsanədir Qlass. Normal olaraq sual yaranır ki, lənət və əfsanə sözlərinin nə əlaqəsi? Bir "əmma" olmalıdır, ya yox?

Tarix: 8 may, 1999-cu il. İngiltərədə futbol mövsümü bitmək üzrədir. Ölkənin şimal-qərb hissəsindəki Kambriya bölgəsinin əsas şəhərlərindən olan Karlaylda həyat dayanıb. Yox, insanlar mövsümün bitməsinə o qədər də üzülmürlər, sadəcə futbolla nəfəs alan şəhərin eyniadlı klubu bəlkə də peşəkar liqalarda son matçına çıxır deyə qəmgindirlər.

Son turdan öncə aktivində 46 xalı olan “Karlayl Yunayted” axırıncı pillədə qərarlaşmışdı. Onlardan bir sıra irəlidə olan “Skarboro”nun isə 47 xalı var idi. Reqlamentə əsasən, sadəcə 1 komanda Konferensiyaya düşəcəkdi. Başa düşdüyünüz kimi, “Karlayl Yunayted”in taleyi öz əlində deyildi; “Skarboro” qalib gələcəyi təqdirdə hər şey bitəcəkdi.

“Karlayl” onlar üçün həyati önəm daşıyan matçda “Plimut Arqayl”la qarşılaşırdı. Azarkeşlərin ürəyi “Branton Park”da olsa da, qulaqları “Skarboro” - “Piterboro” oyununda idi. “Yunayted”in qapısını “Suindon”dan icarəyə götürülən və cəmi üçüncü dəfə əsas heyətdə meydana çıxan Cimmi Qlass qoruyurdu. “Plimut”un hesabı açması ilə azarkeşlərin ağzının açılması eyni ana təsadüf edirdi. Belə bir oyunda buraxılan hər qol söyüşə bərabər idi. Ünvanına “tərfilər” yağdırılan məlum şəxs isə Cimmi Qlass idi. Çünki qapı ona əmanət idi. Qoldan sonra tribunalarda hər cür söyüş eşitmək olardı. İngilis jarqonunu öyrənmək istəyən şəxslər stadionun səsinə qulaq versə, birə-bir köməyi dəyərdi. Onlar tək ağızdan “motherf***er”, “bastard”, “faggot” və s. bu kimi bizim dildə tərcüməsini yazmağa ərk edə bilmədiyim sözləri tələffüz edirdilər…sanki Qlass böyük günah işləmişdi.

e6dcccf402d61e40eccc8a46bb5bc03e.jpg

Çox keçmədən hesab bərabərləşir. “Karlayl” fanatları ümidlənirlər. Daha sonra “Skarboro”nun “Piterboro” ilə heç-heçə etdiyi xəbəri gəlir. Bu o deməkdir ki, “Karlayl”ın 3 xal qazanmaqdan başqa çıxış yolu yoxdur. Dəqiqələr isə artıq tükənmək üzrə idi. Hakim 4 rəqəmini göstərir. Oyuna artırılmış sonuncu dəqiqədə “Karlayl Yunayted” küncdən zərbə vurmaq haqqı qazanır. Bu zaman baş məşqçi qapıçı Qlassdan irəli çıxmasını istəyir. Məşqçinin tapşırığı əslində, bəhanəydi. Cimmi bəlkə də oyunun bu hesabla bitəcəyini düşünüb, əsas günahkar kimi ələ keçməmək üçün sürət yığırdı. Fit səslənəcək və o özünü tez-bazar paltardəyişmə otağına atacaqdı. Amma… Futbol tanrısı onun üçün balaca bir sürpriz hazırlayır. Kornerdən sonra qolkiperdən qayıdan top Cimminin önünə düşür və o, həyatının sonrakı gedişatını dəyişəcək möcüzəvi qola imza atır. Qolun vurulması ilə azarkeşlərin stadiona axışması bir olur. Günahkar 10 saniyənin içərisində əfsanəyə çevrilir.

Qlassın vurduğu qol


Beləliklə, “Skarboro” peşəkar liqadan düşür və 8 il sonra – 2007-ci ildə məhz o son saniyə qolunun bədəlini ağır ödəyir. Klub həvəskar liqalarda maliyyə şərtlərinin yaxşı olmaması səbəbindən fəaliyyətini dayandırmaq məcburiyyətində qalır. “Karlayl”ı xilas edən Qlass isə bir anda xalq qəhrəmanına çevrilir. Yəqin ki, hamınız bundan sonra “xoşbəxt sonluq”la bitəcək bir hekayə gözləyirsiniz. Ancaq təəssüf ki, hadisələr başqa cür cərəyan edir.

8657c84eb7cb4bc363299b8c99c6e4be.jpg

Mövsüm bitdikdən sonra Cimmi əsas komandası “Suindon”a qayıdır. Məşqçi ilə münasibətləri qaydasında getmədiyinə görə qısa zaman kəsiyində oranı da tərk edir. “Kembric” və “Brentford” macəraları da tez bitir. Sonralar bir neçə kluba baxış üçün dəvət olunsa da, transferi reallaşmır. Səbəb olduqca sadə idi: həmin qoldan sonra təkcə İngiltərə yox, dünyanın ən məşhur mətbu orqanlarının manşetlərində o var idi. Cimmidən olan gözləntilər getdikcə böyüyürdü. Baxışa getdiyi klublar da ondan çox şey gözləyirdilər. Amma Qlass dediyim kimi, hansısa üstün özəlliyə sahib biri heç vaxt olmayıb. Bu amil onun klub tapa bilməməsində əsas rol oynayırdı. Cimmi həmin günləri belə xatırlayır: “Suindon”u tərk etdikdən sonra hər şey gözlədiyimin əksinə oldu. Məşqçi Cimmi Kuinlə yola getmirdim, bu səbəbdən komandadan ayrıldım. Yoxlanışa getdiyim hər yerdə bu tipli cümlələr eşidərdim: “Bu Cimmi Qlassdı”. Mən olduğum üçün - bacarığım hesabına oynamaq istədiyim hər klubda bunları eşitdim: “Bu, o qolu vuran qapıçıdı”. Başqa da heç nə”.

Vurduğu o məşhur qolun altında əzilən Qlass klub tapa bilmədiyi üçün 27 yaşında peşəkar futbol karyerasına son qoyur. Bir il öncə əfsanə olan adam ailəsinə baxa bilmək üçün kompüter avadanlıqları satılan mağazada işləmək qərarına gəlir. Hər şeydən qaçmağı düşündüyündən Fransaya köçməyi belə ağlından keçirdiyini etiraf edir. Hətta bir ara qumara aludə olur. Boş vaxt tapanda futbola qayıtmağa da cəhd edir. Ancaq yalnız həvəskar səviyyədə bunu bacarır. Bu günə gəlincə isə, Dorset əyalətinin Pul şəhərində həyat yoldaşı, əkizləri – Cek və Ella ilə birgə yaşayır. Nə qədər qəribə səslənsə də, o, artıq taksi sürücüsüdür. İllər öncə futbolla bağlı xəyallar quran Qlass özünün də dediyi kimi, indi qadınları gözəllik salonlarına aparıb gətirməklə gününü gün edir. Bir az həyatdan razıdır, bir az da narazı.

22b06447ee266a537a5015a359bb3490.jpeg

Qlass içməkdən yox, keçmişi ilə sərxoş olanlardandır. Elə hey imkan düşdükcə ingilis idman nəşrlərinə o qol və sonrasını danışır. O günü “içib” dəm olur. Hətta içindəkiləri kiminləsə bölüşmək istəyi o qədər böyükdür ki, Roje Litollisin köməkliyi ilə "One Hit Wonder: The Jimmy Glass” avtobioqrafiyasını yazıb.


Danışdığına görə, uşaqlarını yazdırmaq üçün məktəb direktoru ilə görüşəndə otaqda gözü öz şəklinə sataşıb və sonradan direktorun “Karlayl Yunayted” fanatı olduğunu öyrənib. Cimmi Kambriyadan o qədər uzaq məsafədə yerləşən Dorsetdə bu sevgini hiss etməklə təsəlli tapır: “Tək təsəlli tapdığım şey o günləri xatırlayıb, o qolu vuran əfsanəvi qolkiper olmağımdır”.


Bəlkə də o qol olmasaydı, Qlassın karyerası erkən bitməzdi. Əks təqdirdə isə bu gün “Karlayl” olmazdı, “Skarboro” kimi…


Qlassın həyat hekayəsi hələ çəkilib bitməmiş rəsmə bənzəyir; sanki rəssam kətana ancaq bir neçə cizgi çəkib dayanmışdı.


Duman çəkilməmiş Albiondan növbəti hekayələri sizinlə bölüşmək ümidiylə…


P.S. Bir gün Karlayla yolunuz düşsə, getdiyiniz hər yerdə Qlassın adını verin. Hələ də şəhərin pablarında/restoranlarında içki, yemək və s. ona pulsuzdu. Nə məlum, bəlkə adı yetər büdcənizə qənaət etmək üçün…
Foto: