TARZAN №3

1aa19c0e4550352e40baebec5c40e356.jpg

Xose Roman Aleksanko, Albert Ferrer, Serxi Barxuan, Abelardo, Maurisio Pelleqrino, Frederik Deyu, Frank de Bur, Patrik Andersson, Tiaqo Motta, Qabriel Milito və Jerar Pike - adlarını sadaladığım futbolçuların hamısı məhz ondan sonra 3 nömrəli formanı geyiblər. Ondan sonra “3” kimin formasının arxasında yazılırdısa, çiyinlərindəki məsuliyyət də ən azı 3 qat artırdı.
Söhbət “Barselona” tarixinin ən böyük əfsanələrindən olan Migel Bernardo Byankettidən - Migelidən gedir.

2011-ci il, 5 yanvar, Bilbao “San Mames” stadionu - Migeli karyerasını bitirəndə cəmi 8 yaşı olan Xavi “Barselona” forması ilə 550-ci rəsmi matçına çıxdı. Və elə o an Migel Bernardonun rekordu tarixin yaddaşına qovuşdu. O, artıq rəsmi oyunlarda “Barsa” formasını ən çox tərlədən futbolçu deyildi. İllər keçdikcə siyahıda daha bir pillə gerilədi. Bu səfər bütün karyerası ərzində müqayisə olunduğu Karles Puyol onu qabaqlamışdı. Müqayisə məsələsini bir kənara yazın, çünki yenidən qayıdacağam.


Migelinin 15 illik “Barselona” karyerası 549 səhifəlik roman yazmaq üçün kifayət etmişdi. Əslində giriş o qədər maraqlıydı ki, bir gecənin içində oxuyub bitirmək olardı.


1973/74 mövsümü - Domenek Balmenya sağ olsun, Migeliyə “Barselona” sözünü o əzbərlətmişdi. Nəticədə “Valensiya”, “Sevilya”, “Real” kimi klublardan təkliflər olsa da, gənc qəhrəmanımız “blauqrana”ya üstünlük verdi. Daha sonra Migeli vətən qarşısındakı borcunu ödəmək üçün hərbi xidmətə yollanır. Günlərin birində icazə alan 22 yaşlı futbolçu “Barselona”nın düşərgəsinə gəlir. “Cənab 3”ün debütü elə o günlərə təsadüf edir. “La Romareda”da – “Saraqosa” ilə görüşdə kitabın 1-ci səhifəsini yenicə yazıb bitirmişdi ki... sən demə, Migeli meydana çıxmaq üçün əlavə olaraq İspaniya Müdafiə Nazirliyindən də xüsusi icazə kağızı almalı imiş... və bundan nə klub rəhbərliyi, nə də onun xəbəri var imiş. Bir oyunun əvəzini bir ay həbsdə qalmaqla ödədi, Migeli.


8392356cb4cbf4fe53a859545974b4b4.jpg

Çox keçmədən hər şey qaydasına düşdü və Migel Bernardo əsas heyətin ayrılmaz hissəsinə çevrildi. Migelinin oyununu anlatmaq üçün yuxarıda yazdığım məsələyə qayıdıram - əlimdə olan Puyol kartından istifadə edəcəyəm. Son illərdə Karles müdafiə anlamında komanda üçün nə ifadə edirdisə, eyni funskiyanı Migeli 70-80-ci illərdə yerinə yetirirdi. Təsadüfi deyil ki, hər ikisinin ləqəbi “Tarzan” idi. İlk dəfə məşq zamanı Xuan Karlos Heredia Migelini “Tarzan” deyə çağırmışdı. Heredianın başlatdıyı bu axım nəsildən-nəsilə davam etdi. İllər keçdi və “La Masia”da daha bir “Tarzan” peyda oldu. Puyolu karyerasının əvvəllərində Migelinin varisi hesab edirdilər. Hətta onu “ikinci Migeli” adlandıranlar da var idi. Zamanla özünü sübut edən CP “Tarzan” ləqəbini aldı. Cəsurluq, qorxmadan hər şeyini komanda üçün ortaya qoymaq, oyunu oxumaq qabiliyyəti və sərtlik onları birləşdirirdi. Müdafiənin bütün bölgələrində oynaya bilsələr də, mərkəzə üstünlük verirdilər. Puyul özü də bənzərliyi etiraf edirdi:


“Migeli ilə müqayisə olunmağım məni incitmir. Onun oyunlarına baxmışam. Həqiqətən də oyun tərzimiz çox oxşardı. Əgər mənim saç düzümüm, onun bığları olmasaydı, bizim eyni adam olduğumuzu da düşünmək olardı”.


Migeli isə emosiyalara qapılmaq istəmir:


“Oxşarlığımız haqqında danışmaq istəməzdim. Onu deyə bilərəm ki, Puyol böyük oyunçudu. Puyolla müqayisə olunmağım oyunuma verilən ən yüksək qiymətdi”.

3e353a359ec6556e068b6dc2cb7a5a95.jpg

Az qala zədələr yaddan çıxmışdı. Migeli kimi Puyolun da bədənində demək olar ki, əməliyyat olunmayan yer qalmamışdı. Sırf bu mənada Migel bir "level" daha irəlidə idi. Byankettinin zədəli olmasına baxmayaraq, meydana çıxdığı matçları say, say bitməz. Belə bir adam təsəvvür edin ki, körpücük sümüyündə sınıq ola-ola 120 dəqiqə meydanda qalır. Nə siz yanlış oxudunuz, nə də mən səhv yazmışam. Nə qədər qeyri-adi səslənsə də, 1979-cu ildə “Fortuna” (Düsseldorf) ilə oynanılan UEFA Kubok Qalibləri Kubokunun finalında Migeli bunu da etmişdi.


Ancaq Migeli heç də peşman deyil:


“Zədəli halda meydana çıxdığıma görə heç vaxt peşman olmamışam. İndi olsa, yenə oynayardım. Körpücük sümüyüm sınanda da oynamışam, dişim sınanda da, bütün bədənim ağrıyanda da. Qaşımdan, dodağımdan, hətta qulağımdan da əməliyyat olunmuşam”.


Migelinin sərtliyi rəqiblərinə də baş ağrısı olurdu. Con Toşak hətta oyunların birində uzun müddət keçməsinə baxmayaraq, “Tarzan”ın dirsək yerinin hələ də incitdiyini etiraf etmişdi. 1984-cü ildə Kral Kubokunun finalı çərçivəsində “Atletik”lə oynanılan görüşdə kunq-fu hərəkəti ilə "Atletik"li futbolçunu yerə yıxan oğlanı yəqin ki, kadrlarda görmüsünüz . O da Migeli idi.


“Tarzan”ın oyun tərzi Sesar Luis Menotti “Barsa”ya baş məşqçi təyin olunduqdan sonra dəyişdi. Argentinalı çalışdırıcı Migeliyə meydanda rahatlıq vermişdi. Artıq o, topla təkbaşına mərkəzi keçir, hücumların qurulmasında birbaşa iştirak edirdi. Bəlkə də bu səbəbdən Menotti Migelinin ən sevdiyi məşqçilərdən idi. İspaniya mətbuatı isə bunu Menottinin səhərlər məşq təyin etməməsiylə əlaqələndirirdi. Migeli Terri Veneyblslə işləməyi də çox sevirdi. İngilisin o dövr üçün məşq sistemi və motivasiya məsələsinə görə İspaniyada tayı-bərabəri yox idi. “Tarzan” 15 illik “Barselona” karyerası ərzində təkcə əfsanəvi Udo Latteklə dil tapa bilmədi. Özü də bunu etiraf edir:


“Latteklə birgə yenidən çalımaq istəməzdim. Üzümə belə baxmırdı. Heç niyə oynatmadığını da izah etmirdi. Sonda isə məni 1982-ci ildə UEFA Kubok Qalibləri Kubokunda “Kamp Nou”da “Standard”la görüşdə meydana buraxdı”.


Migeli kitabı 1988-ci ildə yazıb bitirdi. Yaş amilini də nəzərə alsaq, artıq zədələrə əvvəlki kimi dözümü yox idi. Ancaq tək səbəb bu deyildi. Komandadaxili problemlər gündən-günə artırdı. Artıq köhnə günlərdən əsər-əlamət qalmamışdı. Luis Araqonesin istefası, Karles Reksaçın qısamüddətli komandaya baş məşqçi təyin olunması, “Motin del Hesperia” hadisəsi – bütün bunlar Migelinin qərarında böyük rol oynadı.


Onun “Barselona” karyerasında hər şey var idi: La Liqa çempionluğu (2), İspaniya Kral Kuboku (4), İspaniya Superkuboku (1), UEFA Kubok Qalibləri Kuboku (2). Migeli hətta 2 dəfə İspaniyanın ən yaxşı futbolçusu da seçilmişdi. Amma pazlı tamamlamaq üçün bir parça çatmırdı, çatmadı da – Avropa Kuboku (indiki adı ilə Çempionlar Liqası). Əslində hədəf uzaqda deyildi, ancaq alınmadı. 1985-86 mövsümündə “Barselona” finalda Rumıniya “Styaua”sına penaltilər seriyasında uduzdu.


https://www.youtube.com/watch?v=BWvJJJp9DBk

“Tarzan” Avropa Kubokunu qazanmasa da, hər futbolçuya nəsib olmayan bir şeyi bacardı - “Barselona” kimi böyük klubun tarixinə adını əfsanə kimi yazdırdı. Bu, unudulması, dəyişdirilməsi mümkün olmayan reallıqdır. Migeli 115 illik klub tarixinin haqqında yazılması vacib olan, dəyərli parçalarındandı. Məhz elə buna görə də yazımı Migel Bernardo Byankettiyə həsr etmək qərarına gəldim, namı dəyər Migeliyə…