Kərpichörən Çarli

4a89939167cd06c7b10b637122295569.jpg

Hanqerford qəsəbəsi Londondan qərbdə yerləşən Berkşir qraflığının tərkibinə daxildir. Bura Britaniya sərhədlərində bir o qədər də tanınmayan, kiçik, əsəblərinizə hakim ola bilmədiyiniz anlarda akvariumdakı balıq effekti yarada biləcək yerlərdəndir. 1987-ci ildə Maykl Robert Rayanın törətdiyi qətliamdan sonra dünya bugünkü hekayəmizin başladığı bu ecazkar yeri tanımışdı.
Günümüzdə isə Hanqerfordun adını məşhur cinayətlə yanaşı, hadisədən cəmi iki il sonra – 1989-cu ildə dünyaya gələn Ostinin sayəsində tez-tez eşidirik. O, adətən həftə sonları Maykl Robertin yaratdığı pis imici qəsəbənin üzərindən götürmək üçün ayağından gələni edir.
İngiltərə Premyer Liqasının bombardirləri siyahısına nəzər salsaq, 19 dəfə fərqlənən 3 futbolçunun (Aquero, Kosta, Keyn) zirvəni bölüşdürdüyünü görərik. Bizim Ostin isə 17 qolla onları qarabaqara izləyir. Premyer Liqada ilk mövsümünü keçirən biri üçün əla göstəricidi. “Yaşı 25-di, gec qalıb, tay-tuşları o yaşda “Qızıl top” alırdı” - deyə düşünə bilərsiniz. Amma Çarli tərinin hər damlasına qədər haqq edərək bu günlərə gəlib. O, illər öncə yuxuda gördüyü və göz qapaqlarının açılmasını istəməyəcək dərəcədə ona şirin gələn şeyləri reallığa çevirib. Son cümlədən anladığınız kimi, Cimmi Qlass – namı digər xilaskar taksi sürücüsündən fərqli olaraq, bu gün “success story” danışacağam.
Qəhrəmanımızın 15 yaşı olanda artıq Berkşirin mərkəzi şəhəri Ridinqin eyniadlı klubundan qovulmuşdu. Yaxın günlərdə Martin Edeqor adlanan şişirdilmiş uşağın “Real”ın rezerv komandası – “Kastilya” ilə birgə məşqlərə çıxmaqdan imtina etməsi barədə yayılan xəbərləri yəqin ki, oxumusuz. Ondan fərqli olaraq, Çarli 16 yaşda qapı-qapı gəzib özünə iş yeri axtarırdı. Qapını açan sayca İngiltərənin 10-cu divizion qruplarından biri olan – Hellenik Şərq liqasında çıxış edən “Kintberi Reyncers” idi. Qərbi Berkşir klubunun heyətində 27 matçda meydana çıxan Ostin 20 dəfə fərqlənərək diqqətləri üzərinə çəkmişdi. Təbii ki, digər həvəskar komandaların... Nəticədə Çarli növbəti mövsümə doğma “Hanqerford Taun”da başladı. O, artıq sayca 9-cu divizion hesab olunan – Hellenik Premyer Liqasında oynayırdı. Xəyallar çox uzaq görünürdü, Premyer Liqa hara, 9-cu divizion hara... Çarlidən başqa heç kim bir gün onun “Enfild” və “Old Trafford” kimi stadionlarda meydana çıxacağına inanmırdı.
Ostin “Hanqerford Taun”da da 1 il qaldı. “Tetçem Taun” macərası isə başlamadan bitdi. Daha sonra 19 yaşlı Çarli ailəsi ilə birlikdə Bornmuta köçdü. Əsas hadisələr də məhz bundan sonra cərəyan edir. Təsadüfdən Cimmi Qlassın hekayəsinin bitdiyi yerdə - Dorsetdə - Çarlinin hekayəsi başlayır.
1e924e2e4e6a7a41577c1debbbbc13bf.jpg
cbb4c02944157865df43c10b74619e3b.jpg
Bir müddət sonra Ostin “Pul Taun”la anlaşır. Onun yaşı artıq 18-i ötmüşdü. Həvəskar komandada nə qazana bilərdiki? Vur-tut həftəlik maksimum 300-400 funt. Bu səbəbdən də Çarli həm oynamağa, həm də işləməyə məcbur idi. Elə də olur. O, “Pul Taun”da oynamaqla yanaşı, atasının yanında – inşaat meydançalarında çalışmağa başlayır, həm də kərpic-hörgü ustası kimi... Hər gün səhər saat 6-da mavi furqona minər, Bornmutdan işlədiyi yer olan Beysinqstoka gedərmiş. Dediyinə görə, qar, yağış, dolu olduğu günlərdə hər şeyi bir kənara atmağı da az düşünməyib. Ancaq bir gün “Sky Sports” şərhçilərinin dilindən “what a goal from Charlie” sözlərini eşitmək üçün dişini dişinə sıxıb kərpicini hörərmiş. Hələ oyunlar həftə içinə təsadüf edəndə iş və stadion arasında var-gəl edərmiş. Belə günlərdə atasının ona çox köməyi dəyib:

“Həftə arası oyunlar olanda atam işdən bir saat tez çıxmağıma icazə verərdi. Yenidən bir saat vaxt sərf edib evə qayıdardım. Çantamı hazırladıqdan sonra oyuna gedərdim. Forma dəstim mavi furqonun arxasında qalardı. Sement onları pis günə qoyardı. Çətin günlər idi”.
Bəzən səfər matçlarından evə qayıdanda saat 00:00-ı belə keçərmiş. Yorğunluq və cəmi 5-6 saat sonra onu gözləyən kərpiclər... Bütün bu çətinliklərə baxmayaraq, Çarli “Pul Taun”u tərk etmir. Bunu görən futbol tanrısı da yardımını ondan əsirgəmir. “Pul Taun” forması ilə ümumilikdə 46 matçda meydana çıxan Ostin eyni sayda qol vurur. Artıq Dorsetin əsas futbol komandası “Bornmut”un skautları Ostinin fərqinə varmışdılar. Nəticədə mövsümlərarası fasilədə “Bornmut”a yoxlanışa çağırılan Çarli bəyənilir. Ancaq kluba tətbiq olunan transfer qadağası onun xəyallarını bir müddət daha təxirə salır.

Növbəti mövsümün gedişində bu səfər İngiltərə birinci liqasında (sayca 3-cü divizion) çıxış edən “Suindon” Ostinə elçi düşür. Denni Uilsonun səyləri nəticəsində transfer reallaşır.
fc5ba40e6b46f95cabbcdc80bd7fa9b7.jpg
10-cu divizionda başlayan macəra İngiltərə birinci liqasında davam edir, özü də tam sürət. “Robins”də iki mövsüm qalan Çarli 54 oyunda 31 dəfə fərqlənərək Çempionşipin qapısını aralamışdı. Bir-bir xəyallar reallaşırdı. “Bernli”yə baş məşqçi təyin olunan Eddi Haunun transfer siyahısının ən yuxarısında Çarlinin adı gəlirdi. Haunun inadı Ostinin 2011-ci ildə “Bernli”yə transfer olmasıyla nəticələnir. Əvvəlki klublarda olduğu kimi, Çarlinin performansı yenə də yüksələn qrafiklə davam edirdi. Artıq saat 6-da durmağa, kərpic hörməyə ehtiyac yox idi. Mavi furqonu isə “Audi” əvəzləmişdi. Amma bütün bunlara baxmayaraq, Çarli heç vaxt özündən razı insan olmayıb. Özü də xarakterini dəyişəcəyi təqdirdə hər şeyin keçmişdəki kimi ola biləcəyindən ehtiyatlanırdı:
“Nə vaxtsa özümü rahat hiss edəndə köhnə günləri yada salıram. Haradan gəldiyim haqda düşünürəm. Birdən hər şey qaydasında getməsə, o günlərə yenidən qayıdacağımı anlayıram”.
Ostinin Çempionşip macərası gözlədiyindən də yaxşı davam edir. 2012-ci ilin noyabrında “Lids”in qapısına yol tapan Çarli artıq “Bernli” tarixinə adını yazdırmağı bacarmışdı. O, klubun bir mövsümdə ən tez 20 qol vuran futbolçusu idi. Məhz elə həmin günlərdə onun adı Kriştiano Ronaldo və Lionel Messi ilə bir sırada çəkilirdi. Nə qədər qəribə səslənsə də, kərpichörən meydana çıxdığı 17 matçda 20 dəfə fərqlənməyə imkan tapmışdı və bu mənada Avropada Messi və Ronaldo (hər ikisi 17 matçda 20 qol) ilə yarışan tək oyunçu idi.

049737ef65a21f250ec5f65ce3fbdc74.jpg

be49e4e9b6c802c28ae4d340184c63e6.jpg


Növbəti missiya Premyer Liqa idi. Çox keçmədən – 2013-cü ilin yayında “Hall Siti” “Bernli”nin qapısını döydü və razılıq əldə olundu. Ancaq Çarli hop deyə bilmədi. Tibbi müayinə zamanı yaranan problem onu Premyer Liqadan ayrı saldı.

Bu aralar Çarli yaşlı qurd – Harri Rednappın “radarına” düşməyi bacarmışdı. Yaşı çox olsa da, Harridən qaçmaq mümkünsüzə yaxındı; sonda Ostin KPR-ə qismət oldu. London klubunda da Çarli bombardirlik keyfiyyətləri ilə komanda yoldaşlarından seçilirdi. Bununla yanaşı, o, topsuz oyunu da kifayət qədər yaxşı bacarırdı. Qol duyumundan isə danışmağa dəyməz.
74865b0b59cb8c6bc04b0da1ba8787b7.jpg
Mövsümün sonuda “Kuins Park” Premyer Liqaya yüksəlmək üçün pley-off oynamağa haqq qazandı. Yəni, Çarlinin xəyallarını reallaşdırmaq üçün cəmi iki oyuna ehtiyacı var idi. “Uiqan”la görüşdə geriyə düşən komandanın qəhrəmanı da məhz elə Ostin oldu. Əvvəlcə penaltidən hesabı bərabərləşdirib, oyunu əlavə vaxta apardı. 96-cı dəqiqədə isə matça nöqtəni qoydu.

Ostinin "Uiqan"a vurduğu qol

“Derbi” ilə final görüşündə fərqlənməsə də, arzusunu Samoranın son dəqiqə qolu sayəsində reallığa çevirdi.
2009-cu ildə 9-cu divizionda həvəskar səviyyədə futbol oynayan və kərpic hörməklə dolanan Çarli cəmi 5 il sonra Premyer Liqada oynayırdı. Hələ bir də bombardirlik yarışında zirvədən cəmi 2 qol geri qaldığını nəzərə alın. Nağıl deyil, bu, xəyallarına inanan, onlara çatmaq üçün hər şeyini ortaya qoyan birinin mükafatıdır. Bu, Çarli Ostinin hekayəsidir. Məndən ümidsizliyə qapılanlara, alınmır deyib hər şeyi bir kənara atanlara gəlsin.

Hər vurduğun qol olsun, Çarli. Kim də olmasa, biz – romantik futbol azarkeşləri sevinərik.

Duman çəkilməmiş Albiondan növbəti hekayələri sizinlə bölüşmək ümidiylə...

P.S. Çarli “Pul Siti”də oynayarkən yerli bukmeker kontorlarından biri onun nə vaxtsa İngiltərə millisinin heyətində qol vuracağına 50.00 əmsal verirmiş və fanatlardan biri 150 funt dəyərində pul qoyuluşu edib. Roy Hodson, yəqin ki, indi həmin azarkeşin hansı hissləri keçirdiyini başa düşürsən...