The Great Escape

0c12f671a70c4ccee7a15aff15c7b1d0.jpg

Çarli Ostinlə vidalaşıb Londonu tərk edirik. Şimal-qərbə doğru üz tutub gedirik. Bugünkü dayanacağımız Vest Bromviçdi.
Bura Vest Midlends qraflığında yerləşən Senduell bölgəsinin tərkibinə daxil olan ingilis şəhərlərindən biridi. Kim bilir, bəlkə də bir gün kefimizə düşsə və Uels torpaqlarında diqqətimizi çəkəcək hekayə olsa, yenidən yolumuzu buradan sala bilərik. Çünki Vest Bromviçi Uelsdən cəmi iki qraflıq - Staffordşir və Şropşir - ayırır. Hər ehtimal yadda saxlayın, unutsam, elə sizdən soruşaram.

Bu şəhərin bir də eyniadlı klubu var ki, həftə sonları təxminən 27 000 azarkeşin önündə matçlarını keçirir. “Vest Bromviç Albion” İngiltərə daxilində adlı-sanlı klublardan biri hesab olunmur. Sadəcə 5 Federasiya kuboku və 1 ölkə çempionluğu ilə öyünürlər. Onların da nə vaxt qazanıldığını klub muzeyinin işçiləri belə unudub. Bütün bunlara baxmayaraq, ada futbolunun Fred Everiss, Sirill Ricis, Toni Braun, Brayan Robson, Con Uil, Roni Allen və Uilyam Jindjer Riçardson kimi önəmli simalarının yolu bir gün bu klubdan keçib.

Ada futbolunun ən çox sevdiyim yönü insanların azarkeşlik etdiyi komandaları uğurlarına görə yox, adətən doğulub böyüdükləri yerə görə seçmələridi. Bu ənənə atadan oğula keçərək davam edir. Ona görə azarkeşi olmayan klub tapmaq demək olar ki, mümkünsüzdü. “Vest Bromviç” də onlardandı. Şəhərin böyük bir qismi yerli komandanın azarkeşidi. Onların hansı birini dindirsən və klubla bağlı maraqlı bir xatirə danışmalarını istəsən, çoxu təxminən 10 il əvvəlki hadisə barədə sizə danışar. Hə, bir də ad qoyublar: “The great Escape” (böyük qaçış və ya qurtuluş).

Gedişatdan anladığınız kimi, bugünkü hekayə elə məhz “The Great Escape” haqqındadı. “Vest Bromviç” fanatı olmadığım üçün onlar qədər ağızdolusu danışa bilməyəcəm. Ancaq bu amil cəhd etmək şansımı əlimdən almır.

2004/05 - Joze Mourinyonun adada debüt mövsümü idi. İlk addımlarını atanların büdrəməyinə adət etmişik. Ancaq “xüsusi biri" addımlarını elə sağlam atmışdı ki, həftələr öncədən “Çelsi” arzusuna çatmışdı. Son həftə ərəfəsində turnir cədvəlinin yuxarı pillələrində hər şey həllini tapmışdı. Aşağı “mərtəbələr”də isə… sona bir tur qalsa da, hələ də Çempionşipə düşəcək komandalar müəyyənləşməmişdi.

Sonuncu turdan öncəki vəziyyət:
17. “Norviç” – 33 xal
18. “Sauthempton” – 32 xal
19. “Kristal Pelas” – 32 xal
20. “Vest Bromviç” – 31 xal

38-ci turun oyun cədvəli:
“Fulhem” – “Norviç”
“Sauthempton” – “Mançester Yunayted”
“Çarlton” – “Kristal Pelas”
“Vest Bromviç” – “Portsmut”

Premyer Liqada qalmaq uğrunda mübarizə aparan klubların 38-ci turda qarşılaşdığı rəqiblərinin heç bir iddiası yox idi. Yəni, istənilən nəticə onların mövqeyinə təsir göstərməyəcəkdi. Bunu da nəzərə alsaq, digər 3 komanda ilə müqayisədə “Vest Bromviç”in Premyer Liqada qalmasına çox az şans verilirdi. Bir anlıq “Albion”un İtaliya A Seriyasında oynadığını təsəvvür edək və sonuncu turda vəziyyət eynən yuxarıdakı kimi olsun… Bax onda “Vest Bromviç”in liqada qalmaq şanslarını hesablamaq əvəzinə məlum şeylərə görə imkansız sözünü işlədərdim. Amma bura Premyer Liqadır. Nə desən, gözləmək olar.

“Portsmut”la matçın biletləri satışa çıxan kimi tükənmişdi. İnsanlar komandalarını Çempionşipə yola salmaq üçün “Hotorns” stadionuna doğru hərəkət edirdilər. Hamısı bir ağızdan “biz yenidən qayıdacağıq” ifadəsini işlədirdilər. Azarkeşlər artıq “Vest Bromviç”in “lift komanda” olduğu gerçəyini qəbul etmişdilər. Ona görə də qayıtmalarına inanmaqdan başqa çarələri yox idi. Komanda Premyer Liqaya vəsiqə qazandığı 2001/02 mövsümündən bəri İPL və Çempionşip arasında yol ölçürdü - bir ora, bir bura.

Son tur olduğundan matçların startı eyni saata planlaşdırılmışdı. Həyəcan böyük idi.

Brayan Robson Rassell Holt və Darren Pers istisna olmaqla, start 11-liyini pozmamışdı. Gözlənilən son reallaşsa belə, heç kimin Robbonu günahlandırmağa haqqı yox idi. Mövsümün gedişində komandaya baş məşqçi təyin olunan Robson o gündən bəri Qari Meqsonun “töküntüləri”ni yığışdırmaqla məşğul idi.

Oyunun start fiti səsləndikdən sonra “Vest Bromviç” hücumlara başladı. Xüsusilə də Zoltan Qera, Kevin Kempbell və Robert Ernşou tez-tez “Portsmut” qolkiperi Ceymi Eşdaunu yoxlayırdılar. Ancaq 45 dəqiqə ərzində “qaratoyuqlar” rəqib qapısına yol tapa bilmədilər.

Birinci hissədən sonra nəticələr:
“Fulhem” – “Norviç” – 2:0
“Sauthempton” – “Mançester Yunayted” – 1:1
“Çarlton” – “Kristal Pelas” – 1:0
“Vest Bromviç” – “Portsmut” – 0:0

Əgər ikinci hissədə hesablar dəyişməsə, “Norviç”, “Kristal Pelas” və “Vest Bromviç” Premyer Liqa ilə vidalaşacaqdı.

“Vest Bromviç”in baş məşqçisi Brayan Robson 58-ci dəqiqədə Conatan Qrininqi Ceff Horsfildlə əvəzlədi. Və o an “Albion”un hekayəsi yenidən yazılmağa başladı. Zoltan Qeranın cərimə meydançasına doğru göndərdiyi topu uzaqlaşdırmaq istəyən “Portsmut” müdafiəçisi onu düz Horsfildin önünə atdı və cəmi 30 saniyə öncə meydana daxil olan Ceff hesabı açdı.

73932692c5b3855847bd16dfea92d779.png

Ancaq “Hotorns” əhlinin sevinci çox qısa müddət davam etdi. Heç 30 saniyə də deməzdim. Çünki məhz elə həmin dəqiqələrdə “Kristal Pelas” hesabı bərabərləşdirdi. 13 dəqiqə sonra isə stadionun yas yerindən fərqi qalmamışdı. Buna səbəb ilk hissədən sonra 1:0 geridə olan “Kristal Pelas”ın artıq 2:1 hesabı ilə öndə olması idi. Digər iki görüşdə isə hər şey “Vest Bromviç”in istədiyi kimi gedirdi. “Mançester Yunayted” “Sauthempton”u məğlub edirdi: 2:1. “Fulhem” isə “Norviç”i 4:0 hesabı ilə darmadağın edirdi. Artıq ürəklər “Hotorns”la birgə döyünsə də, qulaqlar “Velli”də (“Çarlton”un stadionu) idi.

f762049fc0e7db8a55677430b08fb0ad.png

75-ci dəqiqədə “Albion” hesab arasındakı fərqi artırdı: “Mançester Yunayted”dən icarəyə götürülən Kiran Riçardson Ceff Horsfildin daban ötürməsini qolla tamamladı. Bu qol o an üçün təsəllidən başqa bir şey deyildi. Azarkeşlər xala ehtiyacı olmayan “Çarlton”un “Kristal”a müqavimət göstərməyəcəyini düşünərək, taleyləri ilə barışmışdılar. Ancaq bir hekayə danışılırsa, onun gedişatını danışılmayanlardan fərqləndirən bir şey olmalıdı, ya yox? Elə də oldu. “Çarlton”un müdafiəçisi Conatan Forçun 82-ci dəqiqədə cərimə zərbəsindən ötürülən topu başı ilə qapıya göndərərək hesabı bərabərləşdirdi: 2:2. Bu o anlama gəlirdi ki, oyunlar belə bitəcəyi təqdirdə “Vest Bromviç” Premyer Liqadan ayrı düşməyəcəkdi.

Qalan dəqiqələr ərzində “Kristal Pelas” nə qədər çalışsa da, lazım olan qolu vura bilmədi. Londonda oyunun bitdiyi haqda xəbəri alan “Vest Bromviç” azarkeşləri kiçik möcüzənin verdiyi enerji ilə dərhal meydana axışdılar. “Bu yerdə o anları yazmaq yox, yaşamaq lazımdır” klişesini işlətmək məcburiyyətindəyəm. Maraqlısı budur ki, onlarla yanaşı, “Portsmut”lular da yaşıl otların üzərində var-gəl edirdilər. “Mançester Yunayted” “Sauthempton”u 2:1 hesabı ilə məğlub etdiyindən “Saints” tarixində ilk dəfə Premyer Liqa ilə vidalaşmışdı. “Portsmut” azarkeşləri də “Vest Bromviç”lilərlə birlikdə əzəli rəqiblərinin Çempionşipə düşməyini qeyd edirdilər. “Kristel Pelas” və “Sauthempton”la birlikdə aşağı doğru yuvarlanan üçüncü komanda isə “Fulhem”dən 6 qol buraxan “Norviç” idi.

44cb1abb213604735f6c374453c6f1d6.png

Elə Vest Bromviç şəhərində doğulan məşhur solist Robert Plantın üzvü olduğu əfsanəvi Led Zeppelin rok qrupunun “Stairway to heaven” mahnısının sözlərini “böyük qaçış”a aid edib, bir balaca da dəyişiklik etsəm, VBA 15 may, 2005-ci il tarixində Premyer Liqaya nərdivan dayadı deyə bilərəm.

d123830762e8f72ca07c65b9c6e48fbf.jpg

“Ada futbolunu sevənlər” adlı xəyali dərnək üzvlərimiz isə ən çox “Vest Bromviç”in baş məşqçisi Brayan Robsona görə sevinirdilər. “Captain Marvel” aysberqdən qaçmağı bacaran gəminin kapitanı idi. Ancaq sevincimiz qursağımızda qaldı – cəmi bir mövsüm sonra turnir cədvəlində axırdan ikinci olan VBA yenidən Çempionşipə qayıtdı və 2006-cı ilin sentyabrında Robson qovuldu. 2008-ci ildə “Vest Bromviç” Toni Moubreyin rəhbərliyi altında yenidən Premyer Liqaya qayıtsa da, bir il sonra həmişəki kimi, Çempionşipin yolunu tutdu. Yəni, “the great escape” belə “qaratoyuqlar”ın ləkəli ləqəbini - “lift komanda” – yaddaşlardan silə bilmədi.

“Albion” nəhayət 2010-cu ildə U dönüşü edə bildi. Komanda artıq İPL-də ardıcıl 5-ci mövsümünü keçirir və sayın 6 olacağını indidən əminliklə demək olar.

Bu hekayəni niyə danışdın? Fərqli cəhəti nə idi? – deyə düşünürsüzsə, bilin ki, 1992-ci ildə əsası qoyulan Premyer Liqada indiyə kimi cəmi bir dəfə sonuncu tur öncəsi axrıncı pillədə qərarlaşan komanda elitada qalmağı bacarıb. Bu hekayə məhz o istisnadan bəhs edirdi.

Duman çəkilməmiş Albiondan növbəti hekayələri sizinlə bölüşmək ümidiylə…

"Vest Bromviç" - "Portsmut" matçının ikinci hissəsinin icmalı